Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 25 illik yubileyi ərəfəsində gənclər arasında Olimpiya hərəkatının təbliğinə, Azərbaycanın Olimpiadada qazandığı uğurlara dair www.mok25.az veb-səhifəsi yaradılıb. İnteraktiv oyunlarda Azərbaycanın fəxri olan Olimpiya çempionları haqqında məlumat əldə etmək, mövcud bilikləri genişləndirmək mümkündür.

Oktyabrdan başlayan interaktiv oyunlar şəklində keçirilən onlayn yarışlar böyük marağa səbəb olub. İlk ayın qalibi adını Günel Əliyeva, növbəti aylarda isə Zamiq Xurşudov, Səbuhi Əlizadə qazanıblar.

Qaliblər MOK-un qiymətli hədiyyələri ilə təltif ediliblər. Yarışın sonuncu mərhələsi hər bir ayın qaliblərinin böyük yarışıdır. Burada Olimpiya hərəkatının və Azərbaycan çempionları haqqında dərin biliyə sahib Günel Əliyeva qələbə qazanıb. O, MOK-un 25 illiyi münasibətilə hazırlanan və məhdud sayda buraxılan xüsusi medalla təltif olunub.

Xəbər 1465 dəfə oxundu.