Dakar rallisinin 10-cu mərhələsinə yekun vurulub
Argentinada Dakar rallisi həyəcanı davam edir.

10-cu mərhələdə iştirakçılar Saltadan Belenə qədər uzanan 797 kilometrlik uzunluğunda marşrutda mübarizə aparıblar.

Motosikletçilərin yarışında birinciliyi “Red Bull KTM Factory” komandasının üzvü Mattias Valkner əldə edib. İdmançı 4 saat 52 dəqiqə 26 saniyəyə finiş xəttinə çatıb. “Rockstar Energy Husqvarna Factory Racing” komandasından Pablo Kintanilya isə qalibdən 11 dəqiqə 35 saniyə gec nəticə göstərərək ikinci yeri tutub. “Himoinsa Racing” kollektivindən Herard Farres Quel liderdən 16 dəqiqə 21 saniyə geri qalaraq yarışı üçüncü başa vurub.

Bu mərhələdən sonra ümumi nəticədə lider Mattias Valknerdir.

Kvadrasikllərin yarışında ən yüksək nəticəni “Team Al Desert” komandasından Nikolas Kavilyasso göstərib. Argentinalı pilotun yekun nəticəsi 6 saat 35 dəqiqə 26 saniyə olub. “Consultores De Empresas” kollekvitindən Xeremyas Qonsales Ferioli (2 dəqiqə 6 saniyə) ikinci, “Casale Racing” komandasının üzvü İqnasio Kasale isə (6 dəqiqə 23 saniyə) üçüncü yeri tutublar.

Bu yarışda İ.Kasale ümumi nəticəyə əsasən liderlik edir.

Avtomobillərin yarışında 10-cu mərhələnin qalibi “Team Peugeot Total”dan Stefan Peteransel olub. Fransalı idmançı 4 saat 43 dəqiqə 46 saniyəlik göstərici ilə finiş xəttinə birinci çatıb. Digər iki yerdə müvafiq olaraq “Toyota Gazoo Racing Sa” komandasından Giniel De Villers (8 dəqiqə 46 saniyə) və “Team Peugeot Total”ın daha bir nümayəndəsi Karlos Saynz (13 dəqiqə 7 saniyə) qərarlaşıb. Pilotların şəxsi sıralamasında liderlik ispaniyalı K.Saynza məxsusdur.

Yük avtomobillərinin mübarizəsində 10-cu mərhələ hollandiyalı Ton Van Qenuqtenin başçılıq etdiyi ekipajın qələbəsi ilə yadda qalıb. Komanda məsafəni 5 saat 31 dəqiqə 49 saniyəyə başa vurub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Argentina və Belarus təmsilçiləri tutublar. Ümumi nəticədə yarışa liderlik edən Eduard Nikolayevin başçılıq etdiyi “KAMAZ-MASTER” ekipajı bu mərhələdə dördüncü yerlə kifayətlənməli olub.

AZƏRTAC

Xəbər 1661 dəfə oxundu.