Müşfiq İsayevin xatirəsinə həsr edilən güləş turnirinin açılış mərasimi olub
Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə XXI açıq respublika turnirinin yanvarın 16-da açılış mərasimi olub.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Sevindirici haldır ki, həmin idman növləri arasında güləş də özünəməxsus yer tutur.

Güləşin tarixən Azərbaycanda ən geniş yayılmış idman növlərindən biri olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər atletlərimiz yüksək nailiyyətlərə imza atıblar. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək yeniyetmə pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb.

Çıxışlardan sonra güləşçilər güclərini sınayıblar.

Yarış 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin qaydalarına əsasən sərbəst güləşçilər Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110, yunan-Roma güləşçiləri isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Turnirdə 2001-2002-ci il təvəllüdlü idmançılar güclərini sınayırlar. İki gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.

Xəbər 1001 dəfə oxundu.