Mais Mənsimov: Yunis Hüseynov kifayət qədər uğur qazanmış mütəxəssisdir - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov klubun rəsmi saytına müsahibə verib. İdman.com.az-ın xəbərinə görə, o, Unibank Premyer Liqasının son turunda qazanılan qələbəyə münasibətini bildirib və komandanın hazırkı durumuna toxunub:

- “Xəzər Lənkəran” bir müddətlik qələbəsiz seriyadan sonra hesabat turunda 3 xal qazandı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Son oyunda komanda baxımlı və üstün oyun nümayiş etdirdi və əlbəttə ki bu sevindirici haldır. Ardıcıl bir neçə oyunda qalibiyyətin olmamasına baxmayaraq, rəhbərlik olaraq komandaya tam etimad göstərdik. Lənkəranda keçirilən kubok oyunundan sonra futbolçu və məşqçilərlə görüş keçirdik və bir daha öz dəstəyimizi onlara bildirdik. Çox şadam ki, bundan sonra keçirilən oyunda layiqli qələbə qazanıldı. Qarşıdakı görüşlərdə də uğurlu çıxışımızı davam etdirəcəyimizə inanıram.

- Yeni baş məşqçi Yunis Hüseynovun işini necə dəyərləndirərdiniz?
- Yunis Hüseynov ümumilikdə bacarıqlı və karyerası ərzində kifayət qədər uğur qazanmış mütəxəssisdir. Onu bu posta təyin etməyimiz də bu məşqçinin işinə verdiyimiz qiymətdən irəli gəlir. O qısa müddətdir ki, komandamızın sükanı arxasına keçib və sözsüz ki, zamana ehtiyacı var. Klub rəhbərliyi olaraq Hüseynova tam dəstək olduğumuzu bildirirəm. Komandaya inam ilk növbədə baş məşqçiyə olan inamdır.

- Komandanın son vacib oyunlar öncəsi məşqlərini bilavasitə izləmisiniz. Bu barədə fikirləriniz çox maraqlıdır.
- Yaxşı oyunun sərgilənməsi üçün ən əsas təminatçı komanda daxilində yüksək ab-havanın olmasıdır. Komandanın məşqini izləyərkən ilk növbədə bunun şahidi oldum. Bu gün “Xəzər Lənkəran”ın heyətində kifayət qədər təcrübəli və onlarla yanaşı xeyli sayda gənc futbolçu var. Məşq prosesində hər bir oyunçu əzmlə hazırlaşır və bu çox müsbət haldır. Bu işdə komandamızın məşqçilər korpusunun tələbkarlığı da vacib rol oynayır.

- Artıq futbol mövsümü sona yaxınlaşır və komandamızın hazırkı şansları barədə fikirlərinizi bilmək istərdik.
- Kubokda çıxışımızı dayandırsaqda, çempionatda tam gücümüzlə mübarizəni davam etdiririk. Final mərhələsində bütün oyunlar vacibdir və hər bir matç ciddi hazırlıq tələb edir. “Xəzər Lənkəran”ın güclü heyəti var, və bu heyət mövsümü uğurlu nəticə ilə başa çatdırmağa tam imkan verir. Əminəm ki, futbolçularımız stabil olaraq ən yaxşı oyunlarını nümayiş etdirsələr, mövsümü titulla bitirərik. Sözsüz ki, bunun ardından əsas məqsədimiz Avropa yarışlarında uğurlu çıxışdır. Rəhbərliyin dəstəyi, komandanın ciddi hazırlığı və azarkeşlərin inamı sayəsində bu məqsədlərə çatacağımıza inanıram.

Xəbər 1252 dəfə oxundu.