Taekvondo üzrə Azərbaycan millisinin üzvləri “Grand slam” turnirində iştirak edəcəklər
Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasında təşkil olunan “Grand slam” seriyalarına dekabrın 30-da start veriləcək. Olimpiya çəki dərəcələrində keçiriləcək taekvondo üzrə turnir 2018-ci il yanvarın 30-dək davam edəcək.

Bir ay ərzində keçiriləcək yarışın ilk günü komandamızın üzvü, dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beigi Hərçəqani (80 kq) mübarizə aparacaq. İdmançımız baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə Çinə yollanıb.

Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) 2018-ci il yanvarın 6-da, eləcə də dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalının sahibi, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsayev isə yanvarın 13-də döyüşlərə qatılacaq. Hər çəki dərəcəsində 12 idmançının mübarizə aparacağı yarışlar ay ərzində həftə sonları keçiriləcək.

Qeyd edək ki, yarışın “Facebook” (WT Grand-Slam) və “Instagram” (wtgrandslam) sosial şəbəkələrindəki səhifələrinə daxil olub, idmançılarımızın şəkillərini bəyənməklə onlara xüsusi mükafat qazandırmaq mümkündür.

Xəbər 1288 dəfə oxundu.