"Xəzər Lənkəran" mart sindromunu qırdı
“Xəzər Lənkəran” Premyer Liqanın XXVI turunun “İnter”lə oyununda qalib gəlməklə, uğursuz seriyaya son qoydu. Lənkəran komandası son 5 matçda qazana bilmədiyi qələbəni əldə etdi. Cənub klubu 25 gün əvvəl – martın 7-də səfərdə “Turan”ı 1:0 hesabı ilə üstələdikdən sonra 5 matça çıxmışdı. Lakin komanda bu oyunlarda qələbəsizlik sindromuna düçar olmuşdu. Nəhayət ki, bunu qıran “Xəzər Lənkəran” bu dəfə öz meydanında – “İnter”lə görüşdə 2:0 hesablı qələbə ilə 3 xalı bayram etdi.

Qeyd edək ki, lənkəranlılar Premyer Liqada martın 11-də səfərdə “Qarabağ”a, 8 gün sonra evdə “Bakı”ya 0:1 hesabı ilə məğlub olduqdan sonra martın 24-də “Neftçi”nin meydanından xalla dönmüşdü – 1:1. “İnter”lə martın 14 və 28-dəki kubok matçları isə uğursuz alınmışdı – 2:3 və 1:1.


Xəbər 934 dəfə oxundu.