AŞF və FİDE arasında əməkdaşlıq sazişi imzalandı
Aprelin 3-də Bakıdakı «Hilton» otelinin «Ametist» zalında Azərbaycan Şahmat Federasiyası (AŞF) və Beynəlxalq Şahmat Federasiyası (FİDE) arasında qarşılıqlı əməkdaşlığa, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və 2013-cü ilin martında Londonda keçiriləcək iddiaçıların turnirinin təşkilatçısı olan «AGON Limited» şirkəti arasında sponsorluğa dair sazişlərin imzalanmasından sonra mətbuat konfransı keçirildi. İdman.com.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AŞF prezidenti Elman Rüstəmov, FİDE prezidenti Kirsan İlümjinov və «AGON Limited» şirkətinin rəhbəri Endryu Polson iştirak edirdilər.

Gənclər və idman naziri Azad Rəhimov ölkədə şahmata dövlət səviyyəsində yüksək dəstəkdən söz açaraq, hər il regionlarda bir neçə yeni şahmat məktəbinin açıldığını qeyd etdi. A.Rəhimov ölkədə şahmatın inkişafına AGİN-in AŞF ilə birgə – bir qurum kimi çalışdıqlarını vurğulayaraq, yeni sazişlərin imzalanmasından öncə də nazirliyin ölkə şahmat federasiyası və ARDNŞ ilə birgə müzakirələr apararaq müvafiq qərarlara gəldiklərini söylədi. Nazir aparıcı şahmatçımız Teymur Rəcəbovun dünyanın ən güclü qrossmeysterləri sırasında yer aldığını xatırladaraq, onun yarışlara yüksək səviyyədə hazırlaşması üçün nazirlik və federasiyanın hər cür şərait yaratdığını dedi.

AŞF prezidenti Elman Rüstəmov rəhbərlik etdiyi qurum və FİDE arasında bağlanan sazişin müddəaları ilə bağlı sualları cavablandıraraq, bu sənədin birinci aspektinin iki təşkilat arasında uzunmüddətli əməkdaşlığın strateji istiqamətlərinin, müxtəlif turnirlərin keçirilməsi, şahmatın populyarlaşması, tədrisi sahələrində görüləcək işlərin müəyyən edilməsi olduğunu bildirdi. İkinci aspekt isə konkret olaraq 2013-cü ilin martında Londonda keçiriləcək iddiaçıların turniri ilə bağlıdır. E.Rüstəmov həmçinin dünya şahmat tacının Azərbaycana qaytarılması məqsədinin olduğunu və bu istiqamətdə AŞF və AGİN-in birgə əməkdaşlığı ilə Teymur Rəcəbovun iddiaçıların turnirinə hazırlığı üçün hər cür şəraitin yaradılacağını bildirdi.

FİDE prezidenti Kirsan İlümjinov FİDE-yə üzv olan 198 ölkə arasında yalnız Azərbaycanda şahmata dair dövlət proqramının olmasının rəhbərlik etdiyi təşkilat üçün böyük əhəmiyyətə malik olduğunu və bunun bütün digər ölkələrin federasiyalarına hər zaman bir örnək kimi göstərildiyini qeyd etdi. FİDE rəhbəri bütün bunlara görə, Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirdi, Azərbaycanda şahmatın inkişafında əməyi olan AGİN və AŞF-nin bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi.
İddiaçıların turnirinin Londona salınmasına münasibətini bildirən İlümjinov Ermənistan şahmatçısı Levon Aronyanın ultimativ məktubunun bu seçimə heç bir təsirinin olmadığını, FİDE rəhbərliyinin heç zaman bu cür ultimatumlara baxmadığını söylədi.

«AGON Limited»in rəhbəri Endryu Polson mötəbər turnirlərin ilk növbədə Avropanın böyük ölkələrinin paytaxtlarında keçirilməsinin strateji və biznes əhəmiyyətindən söz açdı, eyni zamanda yaxın gələcəkdə digər regionlarda, o cümlədən Şimali Afrika və ərəb dövlətlərində də belə turnirlərin keçirilməsinə diqqət ayrılacağını vurğuladı. E.Polson Azərbaycanda şahmata marağı və imkanları nəzərə almaqla Bakının da bu sahədə ön sıralarda olduğunu bildirdi.
ARDNŞ prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin həmişə idmanın inkişafına sponsorluq etdiyini bildirərək, iddiaçıların turnirinə sponsorluq edərkən ilk növbədə şahmatın, daha sonra şirkətin tanıdılmasını düşündüklərini nəzərə çatdırdı.

Vüqar MƏMMƏDOV

Xəbər 1385 dəfə oxundu.