Badminton üzrə Binəqədi açıq turniri keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi rayonu 276 saylı tam orta məktəbdə məktəblilər arasında badminton üzrə Binəqədi açıq turniri keçirilib.

Turnirin bağlanış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 276 saylı orta məktəbin direktoru Bəhram Şiriyev, Azərbaycan Badminton Federasiyasının məşqçisi Cavanşir Əlizadə iştirak edərək, gənc idmançıları salamlayıb, onlara gələcək yarışlarda uğurlar diləyiblər. Olimpiya idman növü hesab olunan badmintonun Binəqədi rayonunda inkişaf etdirilməsi, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, yeniyetmə və gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması məqsədilə keçirildiyini bildirən natiqlər, bundan sonra da badminton üzrə mütəmadi olaraq yarışların keçiriləcəyini bildiriblər.

Yekun nəticələrə görə Xətai rayonu birinci yerə, Yasamal rayonu ikinciyə, Nizami rayonunun komandası üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər idarə tərəfindən kubok, diplom və medalla təltif ediliblər.

Xəbər 1301 dəfə oxundu.