Bakıda Beynəlxalq Olimpiya Komitəsinin layihəsi icra olunub
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) birgə layihəsi olan idman idarəçiliyi kursu təşkil olunub.

Layihə gənc liderlərin yetişdirilməsi və idman idarəçiliyində mütəxəssislərin hazırlanması üçün reallaşdırılıb.

Layihə iki hissədən ibarət olub. Birinci hissədə BOK-un mütəxəssisi Stavri Bello milli kurs direktorluğu üzrə təlim keçib. Sonra BOK-un mütəxəssisinin nəzarəti altında təlimçilər üçgünlük kurslara cəlb olunublar. Təlimlərə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman İdarəçiliyi” üzrə 20 iştirakçı qatılıb.

Kursun əsas mövzusu Olimpiya hərəkatı, Olimpiya Oyunları və onun təşviqi olub. Həmçinin kommunikasiya, dövlət idman siyasəti, idman mütəxəssisləri və s. mövzulara da toxunulub.

Təlimin sonunda MOK-un vitse–prezidenti Çingiz Hüseynzadə və BOK-un mütəxəssisi Stavri Bello iştirakçılara təbriklərini çatdırıb, onlara sertifikatlar təqdim ediblər.

Xəbər 1699 dəfə oxundu.