Rza Quliyev: Çövkən yarışları atüstü oyunlarımızı yaşatmaq üçün atılan mühüm addımdır
Prezident Kuboku uğrunda çövkən yarışlarının keçirilməsi atüstü milli oyunlarımızı yaşatmaq, gələcək nəsillərə çatdırmaq üçün atılan mühüm addımdır. Bu təşəbbüs qeyri-maddi mədəni irsimizin qorunması və təbliği işində bizə çox uğur gətirəcək.

Bu sözləri Ağcabədi regional mədəniyyət və turizm idarəsinin rəisi Rza Quliyev müsahibəsində deyib.

İdarə rəisi bildirib ki, dünyanın bir neçə ölkəsi çövkən oyununu öz adına çıxmaq istəsə də, bu oyun UNESCO tərəfindən məhz Azərbaycanın atüstü milli oyunu kimi qəbul olunub və qurumun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Şəkidəki Atçılıq Turizm Mərkəzində çövkən yarışlarının bünövrəsi qoyulan vaxtdan Ağcabədi komandasının bu oyunlarda yaxından iştirak etdiyini qeyd edən Rza Quliyev deyib: “Ağcabədi komandası bu yarışlarda uğurlu çıxışı ilə həmişə diqqəti cəlb edib. Sevindirici haldır ki, ötənilki yarışlarda komandamız respublika ikincisi olub. Biz bu uğuru yenə təkrarlamaq arzusundayıq. Komandamız Ağcabədi, Ağdam və Laçın rayonlarının ən yaxşı çaparlarından təşkil olunub. Ümid edirik ki, bu dəfə də mükafatçılar sırasına daxil olacağıq”.

AZƏRTAC

Xəbər 1106 dəfə oxundu.