Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
Dekabrın 18-də “Azərbaycan” nəşriyyatında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə Əməkdar Jurnalist Aqşin Kazımzadənin 80 illiyi münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə tanınmış jurnalistin fəaliyyətinin, dostlarının onun haqqında xatirələrinin əks olunduğu videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, Əməkdar Jurnalist Aydın Əliyev, Əməkdar Mədəniyyət İşçisi Məzahir Süleymanzadə, futbol veteranı Çingiz İsmayılov, “İdman” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Qabil Mehdiyev və başqaları çıxış edərək Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olan A.Kazımzadənin gördüyü işlərdən danışıb və onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, o, jurnalist kimi ilk təcrübəsini 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən “Molodyoj Azerbaydjana” qəzetində keçib. “Sovetski sport”un Azərbaycan üzrə bölgə müxbiri işləyən Aqşin Kazımzadə sonralar “Bakinski raboçi”, “Vışka” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. Uzun müddət "İdman" qəzetinin baş redaktoru kimi ölkənin idman həyatının geniş kütləyə çatdırılmasıda yorulmadan fəaliyyət göstərib. Aqşin Kazımzadə öz jurnalist karyerasının ən çox və parlaq dövrünü “İdman” qəzetində keçirib. Onun əmək fəaliyyətinin 31 ili bu qəzetlə bağlıdır.

Vurğulanıb ki, A.Kazımzadə gözəl qələmə, iti zəkaya və möhkəm yaddaşa malik bir insan idi. Onu idmanımızın canlı ensiklopediyası da adlandırırdılar.

Qeyd edilib ki, Aqşin Kazımzadə təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən idman hadisələrini daim diqqət mərkəzində saxlayıb. İrili-xırdalı minlərlə yazının müəllifi olmuş A.Kazımzadə beş Olimpiya oyunlarını - 1968-ci ildə Mexiko, 1972-ci ildə Münxen, 1976-cı ildə Monreal, 1980-ci ildə Moskva və 2008-ci ildə Pekin olimpiadalarını birbaşa hadisə yerində izləyib, onların hər biri barəsində zəngin təəssüratlarını oxucularla bölüşüb. O, həmçinin futbol, güləş, voleybol, velosiped idmanı, fiqurlu konkisürmə, şaybalı xokkey və digər növlər üzrə dünya çempionatlarında, dünya şahmat tacı uğrunda matçlarda, keçmiş SSRİ xalqlarının spartakiadalarında, Sovet İttifaqı çempionatlarında iştirak edərək bu qəbildən olan idman yarışlarını işıqlandırıb.

Bildirilib ki, Aqşin Kazımzadənin işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

AZƏRTAC

Xəbər 1767 dəfə oxundu.