Şair qəlbli idman mütəxəssisi
Zaqafqaziya hərbi dairəsinin təmsilçisi Eduard Meəlikyanın güləş xalçası üzərində dizi üstə çöküb, əli ilə başına vurduğu qapazların mənasını ancaq onu bu hala salan rəqibi Cavanşir Qurbanov bilirdi. Axı bu görüşə qədər erməni güləşçisi öz gözəl çıxışları ilə volqaqradlı güləş həvəskarlarını valeh etmişdi. 1969-cu ildə bu şəhərdə keçirilən SSRİ hərbçilərnin birinciliyində orijinal fəndlə rəqiblərini məğlub edən E.Məlikyan bu dəfə öz silahı ilə vurulmuşdu.

İlk yarış günündən tamaşaçıların sevimlisinə çevrilən E.Məlikyanın işlətdiyi naməlum fənd Bakı Hava Hücumundan Müdafiə Qoşunlarının heyətində çıxış edən Cavanşir Qurbanovun marağına səbəb olur. Fasilə zamanı E.Məlikyana yaxınlaşıb fəndi öyrənmək istədiyini bildirir. Erməni təşəxxüslə "bu, sənlik deyil, bacarmazsan" deyir. Amma Cavanşir əl çəkmir, min bir dillə onun qılığına girib, idman sarayının kiçik məşq zalına aparır. Sehrli fəndin açarını ermənidən alıb, bir-neçə saat ərzində onu tam mənimsəyir. Yarışın sonrakı gedişində yaranmış vəziyyət Cavanşir Qurbanovla Eduard Melikyanı döşək üzərində üz-üzə qoyur. Cavanşir özünün ən sevimli və məharətlə işlətdiyi "dəyirman" fəndi ilə bir xal irəli çıxır. Sonra hesab bərabərləşir - 2:2. Bu vaxt Cavanşir rəqibindən əxz etdiyi fəndi çox uğurla yerinə yetirərək, qələbə qazanır. Erməni elə buna görə sonradan başına-başına döyüb, "mən nə axmaq adamam" deyirdi.

Təxminən yarım əsr bundan əvvəl olmuş bu hadisə Cavanşir Qurbanovun çox davam etməyən pəhləvanlıq tarixçəsinin maraqlı anlarından biridir. Amma təəssüf ki, güləş döşəyini çox tez, 21 yaşında tərk etdi.

Ordu İdman Klubunda ilk dəfə xalça üzərinə çıxan 15 yaşlı Cavanşir şəhər, respublika birinciliklərində məharətini göstərib, dəfələrlə respublika çempionu olub. Respublikanın yığma komandasının tərkibində beynəlxalq yarışlarda, SSRİ Xalqlarının Spartakiadasında (1970-ci il) çıxış edib. "Dinamo" cəmiyyətinin idman zalında yığmanın məşqçiləri İbrahimpaşa Dadaşovun, Aydın İbrahimovun rəhbərliyi altında təkmilləşib, ustalığını artırıb. Amma diz qapağındakı zədə onun idman bioqrafiyasını başqa bir səmtə yönəltdi. Erkən yaşlarında böyük sevgi ilə, yüksək nailiyyətlər arzusu ilə güləşə gələn Cavanşir Qurbanov ömrünün sonrakı hissəsini Azərbaycan pəhləvanlıq məktəbinin inkişafına həsr etdi. 1972-ci ildə aldığı Xalq Təsərrüfatı İnstitutunun diplomu onu idmandan ayırmadı, özünü iqtisadi sahədə deyil, ancaq idmanda gördü və buna görə də Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna daxil olmaqla ikinci ali təhsil aldı. Təhsil illərində Bakı Xalq Maarifi şöbəsinin ixtisaslaşdırılmış güləş idman məktəbin də məşqçilik fəaliyyətinin davam etdirdi. 1973-ci ildən 1990-cı ilə kimi isə Azərbaycan güləşinə qürur verən pəhləvanlar yetişdirmiş bu məktəbə rəhbərlik etdi. Həmin dövrdə məktəbin yetişdirdiyi güləşçilər siyahısına nəzər salaq: sərbəst güləş üzrə SSRİ, dünya və Avropa çempionu Xəzər İsayev, yunan-Roma güləşi üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Natiq Eyvazov, Avropa çempionatının gümüş mükafatçısı Azad Əliyev, gənclər arasında SSRİ birinciliklərinin qalibləri Tapdıq İsmayılov, Seymur Kərimov, Bayram Abdullayev, Əfqan Məmmədov, Həmid Rəsulov, Bəhruz Məmmədov. Siyahını bir qədər də uzatmaq mümkündür, amma elə sadaladıqlarımızdan da məktəbin güləşimizin inkişafına verdiyi töhfənin dəyəri aydın görünür.

C.Qurbanov 1990-cı ildə "Ehtiyat əmək qüvvələri" idman cəmiyyətinin, sonradan 1 saylı Evtikmə Kombinatının idman kompleksinin müdiri işlədiyi illərdə həm də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti kimi, ölkədə iqtisadi böhranın ən çətin dövrlərində güləş idman növünün ayaqda qalması, böhranın dağıdıcı təsirlərindən qorunması üçün əlindən gələni edib. Azərbaycan güləşçiləri bütün maddi çətinliklərə baxmayaraq, güləşimizin şərəfini uca tutub, dünya və qitə yarışlarında yeni, müstəqil Azərbaycanını idman nailiyyətlərini zənginləşdiriblər. Həmin çətin illərdə pəhləvanlarımız olimpiya oyunlarında 2 qızıl,1 gümüş olmaqla 3 medala sahib olublar.

Cavanşir müəllim federasiyanına vitse-prezidenti olduğu illərdə regionlarda güləşin vəziyyətini həmişə diqqət mərkəzində saxlayıb. Bakıda keçirilən respublika çempiontalarında yerlərdən gələn komandaların rəhbərləri, məşqçilər onları narahat edən məsələlər barədə ürəklərini daha çox Cavanşir müəllimə açır, ondan kömək gözləyirdilər. Rayon rəhbərləri, idman idarələri ilə sıx əlaqə paytaxtdan uzaq olan bölgələrdə güləş idman növünün inkişafına güclü təkan verirdi. Rayonlarda məşqçilər üçün keçirilən seminar məşğələlər, istedad axtarışları çağdaş güləşimizdəki böyük nailiyyətlərin təməlini təşkil edən əsas amillərdəndir. Bütün bunlar idmana böyük önəm verən, onu daxili siyasətinin başlıca istiqamətlərindən birinə çevirən Azərbaycan dövlətinin, Beynəlxalq Güləş Federasiyası (FİLA) rəhbərliyinin layiqli qiymətini alıb. Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Cavanşir Qurbanov, ölkəmizdə güləşin inkişafına verdiyi töhfələrə görə Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Respublikanın xalq marifi əlaçısı" adlarına, FİLA-nın Senatorlar klubunun qızıl medalına layiq görülüb. Onun tələbə idmanının inkişafındakı rolunu da qeyd etmək lazımdır. 20 ildən artıqdır ki, "Təfəkkür" universitetində idman kafedrasına (indi klub) sədrlik edən professor C.Qurbanov bu təhsil ocağında idman ənənələrinin təməlini qoyub.

Dekabrın 6-da ömrünün 70 ilini tamamlayan idman fədaisinin bu xidmətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Cavanşir Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Bu gün Azərbaycan dünyanın idman ölkələri sırasının ön cərgələrində yer alıb. İdmanımız bu səviyyəyə çala-çuxurlu, tikanlı yollardan keçib gəlib. Bu yolların çətinliyini, əzabını çiyinləri üzərində daşıyan insanlardan biri də Cavanşir Qurbanovdur. O, bu gün də idman sahəsindəki fəaliyyətini davam etdirir. Həm də təkcə idmanda deyil, ədəbiyyat sahəsində həyata keçirilən layihələrin iştirakçısıdır. "Cabir Novruz" mədəniyyət fondunun prezidentidir. Şeir, sənət vurğunu olan Cavanşir müəllim bu sevgini tələbələrinə də aşılamağa çalışıb. Hələ 20 il əvvəl bir vaxtlar tələbəsi olduğu Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasında, akademiyanın güləş və onun metodikası kafedrasının müdiri, Cavanşir müəllimin qardaşı professor Xanlar Qurbanovun təşəbbüsü ilə Xalq şairi Cabir Novruzla görüş keçirib. Bəli, Cavanşir müəllim şair qəlbli idmançı ömrü yaşayan insandir.

Əli FƏRƏCOV


Xəbər 933 dəfə oxundu.