Gimnastika üzrə yerli yarışlar mövsümünə yekun vurulub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, eyni zamanda, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.

Dörd gün davam edən yarışlarda “Ocaq Sport” Klubunun, Bakı Gimnastika Məktəbinin yetirmələri, Sumqayıtdan, Qusardan, həmçinin Gürcüstandan olan təmsilçilər mükafatçılar sırasında yer alıblar.

Turnirin sonunda Arenada əsl gimnastika coşqusu yaşanıb. “Qızıl yaş” adlı şouda tamaşaçılar bu dəfə adət edildiyi kimi yarış meydançasında azyaşlı gimnastları deyil, məhz onların məşqçilərini izləyiblər. Yığma komanda ilə yanaşı, digər klublarda çalışan məşqçilər bir neçə gün ərzində böyük şouya ciddi hazırlaşıblar. Uzun fasilədən sonra meydançada öz yetirmələri qarşısında çıxış etmək həyəcanının öhdəsindən məşqçilər məharətlə gəliblər.

Ən gözlənilməz çıxış isə məhz bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasilevaya məxsus olub. İyirmi yeddi ildən sonra ilk dəfə xalça üzərində əsl gimnast qaməti ilə addımlayan Mariana Vasileva məhz dahi bəstəkar Emin Sabitoğlunun müəllifi olduğu “Bağışla” musiqisini seçərək, zərif notlarla çətin elementlərin ahəngindən gözoxşayan kompozisiya təqdim edib. Bütün tamaşaçıları ovsunlamağı bacaran baş məşqçinin möhtəşəm çıxışı tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

Bununla da gimnastika üzrə dördgünlük birgə yarışlara yekun vurulub.

Xəbər 903 dəfə oxundu.