“Azərbaycan çempionatında yığmamızın 3 aparıcı oyunçusu çıxış edirlər
“Azərbaycan çempionatında yığmamızın 3 aparıcı oyunçusu – Diana Nenova, Mariya Filipova və Dobriana Rabadjiyeva çıxış edirlər. Təəssüf ki, onların komandası Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasının finalında iştirak etmirdi”. Bunu Bolqarıstanın qadın voleybolçulardan ibarət milli komandasının meneceri Dimo Tonev deyib.

O, Ankarada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin final mərhələsində yığmaya çağırılacaq voleybolçuların ilkin siyahısının məlum olduğunu bildirib. Draqutin Baltiçlə millidə birgə işləmiş təcrübəli mütəxəssis Çempionlar Liqanın “Dördlər finalı”nı Bakıda canlı izləyib və bununla bağlı təəssüratlarını bölüşüb: “Azərbaycanda çıxış edən voleybolçularımızla digərləri ilə müqayisədə informasiyamız azdır. Buna görə də mən Bakıya gedib, həm “Dördlər finalı”nı izlədim, həm də yığma üzvlərimizlə görüşdüm. Mən şəxsən onlara əsas komandaya dəvəti çatdırdım. Hər 3 voleybolçu ilə şəxsən söhbətləşdim və onların oyunları barədə informasiyalar əldə etdim. Məlum oldu ki, onlar hazırda yaxşı formadadırlar və bunu yalnız alqışlamaq olar. Rabadjiyeva Nenova və Filipova ilə müqayisədə az oynayır, ancaq Dobriana əmindir ki, çiynindəki ağrılar keçəndən sonra çox meydanda olaraq, yaxşı forma yığacaq. Hər 3 voleybolçumuz aprelin 15-də Azərbaycan çempionatında çıxışlarını başa vurub, 2 gün sonra düşərgəmizə qoşulacaqlar”.

Xəbər 981 dəfə oxundu.