Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib
Dekabrın 5-də Lozannada (İsveçrə) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasın gündəliyinə 2018-ci il fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində start veriləcək qış Olimpiya Oyunlarına rusiyalı idmançıların buraxılması barədə qərar məsələsi daxil edilib.

İclasın yekunlarına əsasən Rusiya Olimpiya Komitəsi diskvalifikasiya edilib, RF yığması isə 2018-ci il Olimpiadasında iştirakdan kənarlaşdırılıb. Rusiyalı idmançılara neytral bayraq altında yarışmaq təklif olunub. “Təmiz” atletləri xüsusi komissiya seçəcək.

BOK İcraiyyə Şurası qərara alıb ki, rusiyalılar “Rusiyada olan olimpiya idmançısı” statusu ilə fərdi və ya komanda idman növlərində yarışa bilərlər. Onlar Olimpiya bayrağı altında çıxış edəcək, bu idmançıların şərəfinə mərasimlərdə isə Olimpiya himni səslənəcək.

Oyunların RF-dən olan iştirakçıları həm seçmə yarışlardan keçməli, həm də məxsusi onlar üçün müəyyən edilmiş “təmiz” atlet meyarlarına uyğun olmalıdırlar.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun BOK-da üzvlüyü dayandırılıb.

Rusiyanın sabiq idman naziri, hazırda Baş nazirin müavini olan Vitali Mutko və onun keçmiş müavini Yuri Naqornıx olimpiadalarda iştirakdan ömürlük kənarlaşdırılıblar.

“Soçi-2014” Olimpiadasının Təşkilat Komitəsinin keçmiş rəhbəri Dmitri Çernışenko Pekində keçiriləcək 2022-ci il Olimpiya Oyunlarının Əlaqələndirmə Komissiyasından çıxarılıb.

Həmçinin bildirir ki, Rusiya Olimpiya Komitəsi BOK-un təhqiqatlar üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi üçün 15 milyon dollar məbləğində cərimə edilib. Bu vəsait qlobal antidopinq sisteminin inkişafına yönəldiləcək.

BOK belə bir halı istisna etmir ki, əgər Rusiya Olimpiya Komitəsi Pxençxanda Oyunların bağlanış mərasiminə qədər bütün tələbləri yerinə yetirərsə, onun kənarlaşdırılması qismən və ya tamamilə ləğv edilə bilər.

Bu qərar Samuel Şmidin və Denis Osvaldın rəhbərlik etdiyi iki komissiyanın məruzəsi əsasında qəbul edilib. Həmin komissiyalar Riçard Maklarenin rəhbərliyi ilə Ümumdünya Antidopinq Agentliyinin (WADA) məruzəsində şərh edilən, RF-yə ünvanlanmış ittihamları araşdırıblar.


Xəbər 1468 dəfə oxundu.