Futtennis üzrə Azərbaycan Super Liqasının başlama vaxtı müəyyənləşib
Azərbaycan Futnet Federasiyasının (AFNF) inzibati binasında qurum rəsmiləri və klub nümayəndələrinin iştirakı ilə futtennis üzrə ilk Azərbaycan Super Liqasının püşkatma mərasimi keçirilib.

Federasiyanın birinci vitse-prezidenti Samir Məmmədov tədbiri açıq elan etdikdən sonra klub rəsmiləri çempionatın reqlamenti ilə tanış olub, onları maraqlandıran suallara cavab tapıblar. Qonaqlara Super Liqanın rəsmi loqotipi də nümayiş etdirilib.

Futtennis üzrə Azərbaycan Super Liqasına dekabrın 12-də start veriləcək. Liqada 12 klub mübarizə aparacaq. Komandalar “A” və “B” qruplarında mübarizə aparacaqlar. İlk turda “A” qrupunun qarşılaşmaları oynanılacaq. “B” qrupunda ilk turun matçları dekabrın 14-nə təsadüf edəcək. Super Liqanın bütün görüşləri “Marafon” İdman Klubunun idman zalında baş tutacaq. Hər qrupda ən çox xal toplayan dörd komanda çempionatın dörddəbir final mərhələsinə yüksələcək. Bu mərhələdən etibarən komandalar Olimpiya sistemi üzrə birincilik uğrunda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, toplantıdan sonra klub rəsmiləri idman zalında oyun qaydaları ilə yaxından tanış olublar.

Futtennis üzrə Azərbaycan Super Liqasının birinci turunda “A” qrupunda “Xilə”–“Yeni Günəşli”, “Atletiko Bakı”–“Marafon”, “Yasamal”- “Nur”, ikinci turda isə “B” qrupunda “Şuşa-2017”–“Veteranlar”, “Xəmsəfan Gəncə”–“Neftçi”, “Meqa”–“Zülfüqar” oyunları keçiriləcək.

Xəbər 957 dəfə oxundu.