Eltac Hümbətov: Niyyətim qarşıdan gələn beynəlxalq yarışlarda yenidən uğur qazanmaqdır
Polşanın Kielse şəhərində karatenin kyokuşin növü üzrə 16-23 yaşadək gənclər arasında keçirilən Avropa çempionatında təmsilçimiz Eltac Hümbətov (75 kq) Danimarka, Litva, Gürcüstan, Ukrayna və finalda İsveç idmançılarına böyük əzmlə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa Çempionu olan bu gəncin azsport.az saytına müsahibəsini təqdim edirik:

- Eltac Hümbətovu yaxından tanıyaq.
- Bakı şəhərində dünyaya göz açmışam. Əslən Laçın rayonunun Şamkənd kəndinənəm. Məndən başqa üç qardaşım var. Anam evdar qadındır, atam isə məşqçidir.

- Karatenin kyokuşin növünə gəlişiniz necə olub?
- İdmana ilk gəlişim 11 yaşında olub. O zamanlar Lokomotiv idman klubunda cüdo məşqləri ilə məşğul olmuşam. Bir il müddətində xırda klublar arasında artıq müəyyən yerlər tutdum. İdmanın bu növünü seçməyim təsadüf olmayıb - ona olan sevgimdən irəli gəlib. Atam da, qardaşım da kyokuşinka ilə məşğul olurlar. Lakin onlardan daha çox bu idman növünə maraq göstərmişəm. Tam 4 ay məşğul olandan sonra klublararası turnirdə 45 kiloqram çəki dərəcəsində rəqiblərimlə mübarizədə birinci yerə layiq görüldüm. Bu məndə idmana marağı artırdı və mütəmadi olaraq karate ilə məşğul oldum. Ümid edirəm ki, bu sahədə olduğuma görə, heç vaxt peşman olmayacağam. Bu gün də peşman deyiləm, əksinə, gündən-günə sevdiyim bu idman növünə daha da vuruluram.

- Bu idman növündə zədədən qaçmaq mümkünsüzdür. Bu da sizi heç qorxutmadı ?
- Əsla yox. Mən hər işimə ciddi yanaşıram. Gördüyüm işi sonuna qədər etməyə çalışıram. Bu da mənə gələcəkdə uğur qazanmağıma mütəmadi olaraq yardımçı olur. İdmana o qədər istəkli olmuşam ki, zədə alacağımdan belə heç zaman ehtiyatlanmamışam. Bir dəfə yarış zamanı qabırğamda zədə aldım. Amma bu da məni istəyimdən döndürə bilmədi. Daha sonra bir sıra beynəlxalq yarışlarda çıxış etdim və qalib oldum. Bütün bu qarşılaşmalar qorxu hisslərini kölgədə qoydu.

- Bu idman növünə olan sevginiz nədən qaynaqlanır?
- İdmanın bu növü digər idman növlərindən sərtliyi, əzmkarlığı ilə fərqlənir. Əlbəttə, burada həmişə iradəsi möhkəm olan qələbə çalır. Özümdə bu xarakteri görə bilirəm. Ona görə idmanın bu növünə olan istəyim sonsuzdur. Uşaqlıqdan istəmişəm ki, hər hansı bir sahədə ölkəmi tanıdım. Şükürlər olsun ki, yolum idmana düşdü. Tək karate ilə deyil, hər hansı bir idman növü ilə məşğul olsam da qalib gələcəyimə əminəm. Çünki məndə ümumiyyətlə, auditoriya həyəcanı yoxdur. İndi tək istəyim gələcəkdə beynəlxalq yarışlarda bayrağımızı dalğalandırmaq və himnimizi bizləri sevməyənlərə qulaq asdırmaqdır.

- Qalibiyyətdən söz düşmüşkən. Necə düşünürsünüz, uğur üçün vacib olan nədir?
- Birinci növbədə istək, özünəinam, daha sonra düzgün həyat tərzi, iradə möhkəmliyidir. Həmçinin güclü məşq, vaxtlı-vaxtında yatıb-durmaq, formanı qorumaq, bir sözlə, hər bir idmançıya vacib olan qaydalara mütəmadi əməl etmək lazımdır. Ən vacibi isə, bu yola tam əminliklə çıxmaq lazımdır. Hər hansı bir işdə uğura nail olmaq üçün, insan yalnız düşünməlidir ki, artıq irəliyə doğru getməyin vaxtıdır. Çətin olmayan heç nə yoxdur. Bu yolda heç bir çətinliyi özümə maneə bilməmişəm. Yarışlara yalnız bir fikirlə gedirəm-nə olursa olsun qalib olmaq! Mənim üzərimdə əziyyəti olan hər kəsi öz qələbələrimlə sevindirmək istəyirəm. Ona görə də, gələcəkdə çalışdığım qədər qələbələr qazanmağa çalışacağam.

- Sonuncu yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Bu nailiyyəti gözləyirdinizmi?
- Sözsüz ki, bunu gözləyirdim. Çünki bu çempionata hazırlığım yüksək səviyyədə idi. Lakin bir şeyi də qeyd edim ki, hər bir idmanda qələbə qazanmaq üçün şans da vacibdir. Şansımın gətirməyəcəyini düşünürdüm. Amma sonda bu qorxu hissimə qalib gələ bildim və yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxdım.

- Turnirdə sizin üçün ən çətin görüş hansı rəqiblə oldu?
- Turnirdə heç bir döyüşümün asan keçdiyini deməzdim. Yarışda kifayət qədər potensiallı idmançılar üstünlük təşkil edirdi. Onların hər biri əlbəttə ki, ölkəsinin ən güclü idmançıları idi. Sözsüz ki, asan rəqiblər yox idi. Lakin bu dəfəki yüksək hazırlığım onlar üzərində qalib gəlməyimə yardımçı oldum. Birinci rəqibim litvalı idmançını nakautla, daha sonra əslən erməni olan gürcü idmançısının üzərindən isə 2 dəqiqə ərzində tam üstünlüklə qələbə çaldım. Xatırladım ki, bu rəqibimi sentyabrın 1-də Qafqaz çempionatında da udmuşdum. Yarımfinal mərhələsində baş tutan qarşılaşmada ən ciddi rəqiblərdən biri olan Ukrayna təmsilçisi ilə qarşılaşdım. Gərgin keçən idman mübarizəsində də ona qalib gələ bildim. Qeyd edim ki, bu dəfə ki, yarışda rəqiblər bizim çəki dərəcəsinin ən güclüləri idi. Düşünürəm ki, bu dəfə mənim yox, onların bəxti gətirmədi. Çünki onlar ən azından mənimlə finalda görüşmək istərdilər.

- Qalib olanda ilk sevincinizi kiminlə bölüşdünüz.
- Təbii ki, atamla.

- Ənənəvi sual: kumirin varmı, varsa kimdir?
- Sözün düzü yoxdur, amma istərdim ki, gələcək də gənclər özləri məni kumir kimi görsünlər.

- Gələcək üçün məqsəd və planlarınız nədən ibarətdir?
- Növbəti yarışlara yenə ciddi hazırlaşmalıyam. Niyyətim qarşıdan gələn beynəlxalq yarışlarda yenidən uğur qazanmaqdır. Artıq üzərimə daha çox məsuliyyət düşür. Çünki bu qalibiyyəti qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir.

Xəbər 2253 dəfə oxundu.