Ağır atletika üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşdi
Dekabrın 2-3-də Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Onlar arasında Sinkleyr cədvəli üzrə mütləq qaliblər müəyyən edilib. Yarışda Səbinə Əzimova hamıdan güclü olaraq qızıl medal qazanıb. O, toplam 169 kq (75+94) nəticə və 248.83 xalla rəqiblərindən üstün olub. İkinci pilləyə 180 kq (80+100) nəticə və 237.75 xalla Firuzə İbrahimova, üçüncüyə 156 kq (70+86) nəticə və 224.84 xalla Gülçin Əlizadə layiq görülüblər.

Qalib idmançı yarışla bağlı təəssüratlarını bölüşüb:“Yarışa çox yaxşı hazırlaşmışdım, əziyyət çəkən məşqçilərimə təşəkkür edirəm. Ümumilikdə isə, 2017-ci il mənim üçün çox uğurlu oldu. Kosovoda keçirən yeniyetmələr arasında Avropa birinciliyində qızıl medal qazanaraq 3 qat Avropa çempionu tituluna yiyələndim, indi də ölkə kubokunda yaxşı çıxış edərək ilk yerin sahibi oldum”.

Kişilər arasında isə 50 kq çəki dərəcəsində toplam 154 kq (68+86) nəticə ilə 15 yaşlı Ömər Cavadov, 56 kq çəkidə isə Elmar Alıyev toplam 202 kq (92+120) nəticə ilə qızıl medala sahib çıxıblar. 62 kq-da mübarizədə Məhəmməd Məmmədli toplam 270 kq (120+150), 69 kiloqramda Paşa İbrahimli toplam 262 kq (120+142) nəticə göstərərək birinci yerə layiq görülüblər.





Xəbər 2204 dəfə oxundu.