Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər hansı məşğuliyyət ömürlük qadağan edilib
Dekabrın 1-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İclasın qərarına görə, “Keşlə” futbol klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə”nin futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər hansı məşğuliyyət ömürlük qadağan edilib. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırmanın davam etdirilməsi barədə qərar qəbul olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilərlər.

Xəbər 618 dəfə oxundu.