AFFA danışılmış oyunlara qarşı mübarizə ilə bağlı bəyanat yayıb
AFFA danışılmış oyunlara qarşı mübarizə ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Məlum olduğu kimi, idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinə əlavə və dəyişikliklər edilib və Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddə öz əksini tapıb (Maddə 192-2).

Danışılmış oyunlar və onların mümkün fəsadları ilə bağlı AFFA tərəfindən klublar və futbol ictimaiyyəti üçün mütəmadi şəkildə maarifləndirmə işləri aparılır. Bununla əlaqədar, sonuncu belə tədbir prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə klub nümayəndələri üçün AFFA-nın inzibati binasında noyabrın 13-də keçirilib və idman oyunlarının nəticələrinin manipulyasiyası və danışılmış oyunlar barədə hərtərəfli məlumat verilib. Eləcə də AFFA-nın son konfransında idman oyunlarının nəticələrinin manipulyasiyası mövzusunda məlumatlar futbol ictimaiyyətinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu.

“Danışılmış oyunlar” dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldır və AFFA idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır.

Qeyd etdiyimiz kimi, danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də nəzərdə tutulduğu üçün təbii ki, hüquq mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini, bu prosesdə iştirak edən bütün şəxsləri şiddətlə qınayır, bu cür mənfi halların qarşısının alınmasında fəaliyyət göstərən müvafiq orqanlara təşəkkür edir, gələcəkdə də əməkdaşlığa hazır olduğunu bildirir”.

Qeyd edək ki, “Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov idman nəticələrinin manipulyasiyasına görə ittiham olunurlar.

Xəbər 1208 dəfə oxundu.