2017-ci ildə “Formula-1” yarışlarının Bakı mərhələsinin tamaşaçılarının sayı əvvəlki ildəkindən iki dəfə çox olub
“Qran-Pri Azərbaycan” yarışlarının promouteri Arif Rəhimov bildirib ki, 2017-ci ildə “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının Bakı mərhələsinə tamaşaçı kimi gəlmiş əcnəbi turistlərin sayı əvvəlki ildəkindən iki dəfə çox olub.

Bu il iyunun 23-dən 25-dək “Formula-1” yarışları tarixində ikinci dəfə Bakı mərhələsi keçirilib. Həmin avtoyürüşlərdə “Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardo qalib gəlib.

A.Rəhimov deyib: “Qran-Pri” mərhələsinə gələn tamaşaçıların təxminən 30 faizi əcnəbilər idi. Bu il tamaşaçıların ümumi sayı 70 mindən çox olub. Lakin bu göstəricini dəqiq saymaq çətindir, çünki eyni insanın yarışların bütün üç günündə oraya gəlib-gəlmədiyini müəyyən etmək olmur. Bütün tamaşaçıların sayını üçgünlük biletlərə çevirsək, deməli 25 minə yaxın adam bu yürüşlərə tamaşa edib. Əcnəbi azarkeşlərin sayına görə birinci yeri Rusiya, ikinci yeri isə, qəribə də olsa, Böyük Britaniya tutur. Növbəti mövsüm üçün biletlərin satışında da eyni vəziyyət müşahidə olunur”.

2016-cı və 2017-ci illərdə Qran-Pri yarışlarında təşkil edilmiş konsert proqramlarında Kris Braun, Enrike İqlesias, Farrell Uilyams, Merayya Kerri kimi estrada ulduzları çıxış ediblər. A.Rəhimovun dediyinə görə, hazırda çoxsaylı estrada ulduzları ilə danışıqlar aparılır, biz ən yaxşı artistləri dəvət etmək istəyirik. Bu dəfə də dünya miqyaslı üç ulduz gələcək. Bundan əlavə, konsert zonasını küçədən “Kristal Holl”-a köçürmək istəyirik. Diceyləri də dəvət etmək və üçgünlük festival təşkil etmək niyyətindəyik”.

2018-ci ildə “Azərbaycan Qran-Prisi” mərhələsi aprelin 27-dən 29-dək keçiriləcək.

Xəbər 741 dəfə oxundu.