Qadın güləşçilərimiz dünya kuboku yarışlarında mübarizə aparacaqlar
Rusiya Federasiyasının Çeboksarı şəhərində böyüklər arasında qadın güləşi üzrə dünya kuboku yarışları keçiriləcək.

Yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcəklər.

Dünya kuboku yarışlarına dekabrın 1-də start veriləcək və 2 gün davam edəcək.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda isə Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaqlar.

Yarışda yığma komandamızın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar.

Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Xəbər 966 dəfə oxundu.