Xaçmazlı yeniyetmələr “Açıq əyləncəli futbol məktəbi” layihəsinə cəlb olunublar
Noyabrın 28-də Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirinə 200-dək uşaq və yeniyetmə cəlb edilib.

Layihə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi və Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları İlham Əliyev, Eldəniz Səlimov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, layihə çərçivəsində ölkəmizdə yaradılan açıq əyləncəli uşaq futbol məktəbləri 2004-cü ildən fəaliyyət göstərir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da geniş vüsət alan bu aksiya münaqişələrin mövcud olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları, həmçinin hədiyyələr təqdim olunub.

Sonra xüsusi idman forması geymiş tədbir iştirakçıları estafet, driblinq, topun ötürülməsi və digər hərəkətləri yerinə yetiriblər.

AZƏRTAC

Xəbər 791 dəfə oxundu.