Azərbaycan şahmatçıları dünya çempionatında iştirak edirlər
İtaliyanın Tarvizio şəhərində 20 yaşadək yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilir.

İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarətdir. Yeniyetmə oğlanların turnirinə 62 ölkədən 152 şahmatçı, o cümlədən 27 qrossmeyster qatılıb. Azərbaycanı bu yarışlarda Elxan Bayramov təmsil edir. Yeniyetmə qızların turnirində isə 48 ölkədən 90 şahmatçı, o cümlədən 8 qrossmeyster iştirak edir. Azərbaycanın idman şərəfini qrossmeyster Günay Məmmədzadə qoruyur.

Çempionatın başa çatmasına iki tur qalmış Elxan Bayramov 4,5 xal, Günay Məmmədzadə isə 5 xal toplayıb.

Oğlanların turnirində rusiyalı Kirill Alekseyenko və Norveç şahmatçısı Aryana Tari liderdir. Onların hər ikisi 9 mümkün xaldan 7,5 xal toplayıblar.

Yeniyetmə qızlar arasında Qazaxıstan şahmatçısı Jansaya Abdumalik 7,5 xalla liderdir. Cennifer Yu (ABŞ) və Stavrula Solakidunun (Yunanıstan) hesabında 7 xal var.

Yarışların həlledici iki turu noyabrın 23-ü və 24-də keçiriləcək.

Xəbər 616 dəfə oxundu.