UEFA Çempionlar Liqası: “Qarabağ”-“Çelsi” matçı qonaqların üstünlüyü ilə başa çatıb
Qalan dəqiqələrdə qapılara top vurulmayıb və qarşılaşma “Çelsi” komandasının 4:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bu qrupun digər görüşündə “Atletiko Madrid” doğma meydanda “Roma” klubunu qəbul edəcək.

Ağdam təmsilçisi qrupda sonuncu oyununu dekabrın 5-də səfərdə “Roma”ya qarşı keçirəcək.

Qarşılaşmanın 85-ci dəqiqəsində Villian qüvvətli zərbə ilə dublunu rəsmiləşdirib – 0:4.

Oyunun 73-cü dəqiqəsində “Çelsi” komandası “Qarabağ” klubunun qapısına təyin edilən ikinci 11 metrlik cərimə zərbəsindən sonra hesab arasındakı fərqi daha da artırıb. London klubunun ispaniyalı legioneri Sesk Fabreqas penalti zərbəsini dəqiq yerinə yetirib – 0:3.

Matçın 36-cı dəqiqəsində Eden Hazardın ötürməsindən sonra Villian dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

Görüşdə hesab matçın 21-ci dəqiqəsində açılıb. Referi matçın 19-cu dəqiqəsində “Qarabağ”ın cərimə meydançası daxilində mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib. “Qarabağ”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard oyunda hesabı açıb – 0:1.

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda Londonun “Çelsi” klubu ilə qarşılaşır.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Dmitri Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçak, Donald Gerye yer alıblar.

London təmsilçisinin ilk on birliyində isə meydana Tibo Kurtua, Anton Rüdiger, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Eden Azar, Pedro Rodrigez, Davide Zappakosta, Villian, Sezar Azpiliketa və David Luiz çıxıblar.

Oyunu portuqaliyalı referi Manuel De Sousa idarə edir.

UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1).

Hazırda hesabında 8 xal olan “Roma” qrupda birinci pillədə qərarlaşıb. “Çelsi” 7 xalla ikinci, “Atletiko Madrid” 3 xalla üçüncü, hesabında 2 xalı olan “Qarabağ” isə sonuncudur.

Xəbər 645 dəfə oxundu.