Olimpiya çempionu Mingəçevirdə 3 qızıl medal qazanıb
Mingəçevir şəhərində keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə Beynəlxalq Prezident Kuboku Reqatası iştirakçıların kəmiyyəti ilə yanaşı, keyfiyyəti baxımından da ildən-ilə fərqlənir. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən idman.com.az saytına verilən xəbərə görə, bu dəfə reqataya ukraynalı olimpiya çempionu İnna Osipenko-Radomskaya da qatılıb.

Osipenko-Radomskaya 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. Prezident Kubokunda isə 30 yaşlı idmançı 3 qızıl medala sahib olub. O, 1000 metr məsafəni 5 dəqiqə 22,19 saniyəyə, 500 metr məsafəni 2 dəqiqə 15,37 saniyəyə, 200 metr məsafəni isə 44,55 saniyəyə saniyəyə qət edib. Məşhur kayakçı hər üç halda ən yaxın izləyicisi, gürcüstanlı Yekaterina Şaburaşvilini böyük fərqlə geridə qoyub. Şaburaşvili müvafiq olaraq, 6 dəqiqə 12,09 saniyə, 2 dəqiqə 40,07 saniyə və 55,17 saniyə nəticə göstərib. Hər üç məsafədə 3-cü yeri azərbaycanlı kayakçı Nuriyə Axundova tutub. Axundova 1000 metrlik məsafədə 6:28.51 dəqiqə, 500 metrlik məsafədə 2:50.31 dəqiqə, 200 metrlik məsafədə isə 55,54 saniyə nəticə göstərib.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya olimpiya çempionluğundan əlavə, 2004-cü il Afina Yay Olimpiya Oyunlarında, həmçinin 2007 və 2011-ci il dünya çempionatlarında bürünc medal qazanıb, əməkdar idman ustasıdır.

Xəbər 1187 dəfə oxundu.