FHN-in əməkdaşları arasında keçirilən sərbəst güləş çempionatının qalibləri mükafatlandırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında keçirilən sərbəst güləş çempionatı noyabrın 17-də başa çatıb.

İdman-Sağlamlıq Klubunun və nazirlik işçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə keçirilən ikigünlük yarışda 13 komandadan 81 idmançı gücünü sınayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin 18-ci hissəsinin idman kompleksində təşkil olunan çempionatda səkkiz çəki dərəcəsində mübarizə aparılıb. Komanda hesabında Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) yığması birinci yeri tutub. İkinci pilləyə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası, üçüncü yerə FHN-in Akademiyası çıxıb.

Şəxsi yarışların nəticəsinə əsasən isə Həsən Carçıyev (57 kq, DYMX), Orxan İsgəndərov (61 kq, DYMX), Cəlal Süleymanov (65 kq, XRXX), Tural Umayev (70 kq, XRXX), Elmir Qəmbərov (75 kq, XRXX), Sübhan İsmayılov (86 kq, XRXX), Elmar Qasımov (97 kq, DYMX), Səbuhi Hümbətov (125 kq, XRXX) birinci olublar.

Çempionatın mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib. Qarşılaşmaların maraqlı olmasında FHN əməkdaşlarının bir sıra yarışlara qatılması nəticəsində əldə etdikləri zəngin təcrübənin mühüm rol oynadığını vurğulayan F.Musayev deyib: “Bu yarışla ilə yekun vurduq. Çalışacağıq ki, çempionatda qızıl medal qazanan əməkdaşlarımız yeni ildə güləş üzrə Azərbaycan çempionatına da qatılsın. Azərbaycan Güləş Federasiyası ilə sıx əməkdaşlıq edirik. Ötən il analoji yarışda 1 qızıl və 1 bürünc medala da yiyələnmişdik”.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov mükafatçıları təbrik edərək, onlara uğurlar arzulayıb.

İlk üç yerin sahiblərinə medal və kubokla yanaşı, qiymətli hədiyyələr verilib.

Elman İsmayılovun baş hakim olduğu yarışda “Qəbələ”nin kikboksçusu Pərviz Abdullayev də qonaq qismində iştirak edib.

Xəbər 593 dəfə oxundu.