Valentin Demyanenko: “Bizə bir medal lazımdır”
Azərbaycan kanoeçisi Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıqları barədə danışıb. İdman.com.az-ın məlumatına görə, 29 yaşlı idmançımız Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində, iyulun 27-də start götürəcək olimpiadaya hazırlığın plan üzrə getdiyini bildirib. O, tərtib olunan qrafikə əsasən, həm fiziki hazırlıq, həm də dözümlülük üzərində çalışdıqlarını söyləyib:

“Məşqlərimizin hansı gün hansı ölkədə keçirilməsi bu qrafikdə əksini tapıb. Biz də nəyi və nə vaxt nəzərdə tutmuşuqsa, ona uyğun da çalışırıq. Ona görə də fikrimcə, bizim üçün olimpiadada hər şey yaxşı olmalıdır. Mən buna ümidvaram”.

3 qat dünya və 3 qat Avropa çempionu, 2012-ci ilin ilk sınağı kimi, hazırda Mingəçevirdə keçirilən beynəlxalq Prezident kuboku-2012 reqatasında qüvvəsini sınayıb. O, yarışı sonra daha 2 ay Mingəçevirdə hazırlıq keçəcəyini, ardından 1–3 iyunda Moskvada baş tutacaq dünya kubokunun III mərhələsinə qatılacağını açıqlayıb. Titullu avarçəkən əsas məqsədinin London olimpiadasında medal qazanmaqdan ibarət olduğunu vurğulayıb:

“Əslində Prezident kuboku və ya dünya kubokunda bizə medal qazanmaq lazım elə də vacib deyil. Bizə bir medal lazımdır. Bu, əsas medaldır. Sadəcə, olimpiada öncəsi yarışlarda qüvvələrimizi sınadan keçirməliyik”.

Dünya kuboku mərhələsindən 3 həftə sonra isə təcrübəli kanoeçimiz 22–24 iyunda Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatına qatılacaq. Olimpiadaya yekun hazırlıq dövrü də məhz qitə çempionatından sonrakı 2 ayı əhatə edəcək.

Xəbər 1323 dəfə oxundu.