Türkiyə futbolunda qaydalar yenə dəyişir
Türkiyə Futbol Federasiyası (TFF) Superliqin turnir sistemində növbəti dəyişiklik etməyə hazırlaşır. İdman.com.az saytının məlumatına görə, dəyişikliklər bu ildən etibarən tətbiq olunan play-off sisteminin daha da genişləndirilməsini nəzərdə tutur. Hazırkı qaydalara əsasən, çempionat başa çatdıqdan sonra ilk dörd komanda çempionun və Avropa kuboklarına gedəcək komandaların müəyyənləşməsi üçün iki dövrə sistemi ilə təkrar oyunlar keçirəcəklər.

5-8-ci yerləri tutan komandalar da iki dövrəli sistem əsasında oyunlar keçirəcək, yekunda 5-ci yeri tutan komanda Superfinal play-off sistemində 4-cü olan komanda ilə Avropa Liqasına vəsiqə uğrunda görüş keçirəcək.

TFF artıq çempionatın yekununda 9-18-ci yerləri bölüşən digər on komandanın da play-off matçları oynamasına dair qərar verməyə hazırlaşır. Qərar əsasən bu komandalar böyük pul mükafatı uğrunda bir dövrəlik turnirdə iştirak edəcəklər. Bu turnirə çempionatı tərk edəcək 3 komanda da qatılacaq. Federasiya bu qərarı bazar ertəsi açıqlamağa hazırlaşır.

Xəbər 1000 dəfə oxundu.