Azərbaycanın həndbol hakimləri beynəlxalq yarışlara təyinat alıblar
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri beynəlxalq yarışlara təyinat alıblar.

Referilərdən Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişilər arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda oyunlar çərçivəsində keçiriləcək “Koks” (Finlandiya)–“RD Riko Ribnika” (Sloveniya) qarşılaşmasını idarə edəcəklər. Noyabrın 19-da “Suintino” arenasında oynanılacaq matçda EHF nümayəndəsi litvalı Tadas Cansonas olacaq.

Noyabrın 25-də kişi həndbolçular arasında “Çağırış Kuboku” uğrunda keçiriləcək “Qranitas-Karus Karinas” (Litva)–“HC Evrofarm Rabotnik” (Makedoniya) görüşünün idarəçiliyi Emil və Ernest Ağakişi qardaşlarına tapşırılıb. “Kaunas” arenasında baş tutacaq oyunda EHF-i rumıniyalı Remus Kojocaru təmsil edəcək.

Həmyerlilərimizdən İsgəndər Əsgərov isə “Çağırış Kuboku” yarışları çərçivəsində noyabrın 24-də və 26-da üz-üzə gələcək Türkiyənin “Göztəpə SK” və Yunanıstanın “A.C. PAOK” komandalarının mübarizəsində EHF nümayəndəsi kimi hakimlərin işini qiymətləndirəcək. Türkiyənin İzmir şəhərində yerləşən “Bornova Atatürk Spor Kompleksi”ndə keçiriləcək matçın referiləri lüksemburqlu Alain Rauçs və Filip Linster olacaq.

AZƏRTAC

Xəbər 1072 dəfə oxundu.