Rəşad Sadıqov: “Böyük ehtimalla “Neftçi” ilə oyunu buraxacam
“Böyük ehtimalla “Neftçi” ilə oyunu buraxacam. Çünki kiçik zədə almışam. Bu səbəbdən komandamızın hazırlıq keçdiyi Ağdamdan Bakıya müayinə olunmağa gəlmişdim”.
Rəşad bildirib ki, zədəsi ciddi olmasa da, sağalmağını gözləmək məsləhətdir: “Zədə heç nədən yarandı. “Qəbələ” ilə kubok oyununda künc zərbəsindən topu qaldırdığım zamanı əzələmi dartdım. Bu, birinci dərəcəli dartmadır. Həmin vaxt oyunun bitməyinə 15-20 dəqiqə qalmışdı və belə şəkildə davam elədim. Matçdan sonra Bakıya yollanıb, maqnit-rezonans müayinəsindən keçdim. Həkimlər 10-15 gün müalicə olunmağımın vacibliyi deyiblər. Hazırda yoldayam, Ağdama qayıdıram. Klubumuzun həkimi ilə məsləhətləşəndən sonra qərar verəcəyik”.
Sadıqov bildirib ki, oynamaq istəsə də, ona icazə vermirlər: “Özüm oynamaq istəyirəm, ancaq belə meydana çıxsam, zədəm pisləşə bilər. Ola bilər ki, ardıcıl 2 oyunu, yəni növbəti həftə “İnter”lə səfər matçını da buraxım”.

Məlum olduğu kimi, millimiz növbəti həftə - aprelin 2-dən 5-dək Bakıda təlim-məşq toplanışı olacaq. Belə çıxır ki, yığmamızın kapitanı həmin hazırlıq prosesində də iştirak etməyəcək? : “Buna artıq oyunumuzdan sonra millinin həkimi ilə görüşümdə aydınlıq gələcək. Ona rentgenlərimi göstərəcək. Yığmanın həkiminin də məsləhətləri mənim üçün vacib olacaq. Bu məsələni də yerində həll edəcəyik. Ola bilər ki, millidə yavaş-yavaş məşqlərə başlayaram. Ancaq bilmirəm, hələ bunu dəqiqləşdirməmişəm”.

Xəbər 900 dəfə oxundu.