Azərbaycan şahmatçılarının uğuru ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısının təzahürüdür
Şahmatçılarımız komandalar arasında Avropa çempionatında artıq üçüncü dəfədir qalib gələrək bizi sevindirirlər. Onlar ilk dəfə 2009-cü, ikinci dəfə isə dörd il sonra qitənin ən güclüsü olduqlarını sübut ediblər. Bütün bunlar ölkəmizdə idmana, o cümlədən şahmata göstərilən dövlət qayğısının sübutudur.

Bu sözləri noyabrın 8-də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının qalibi olmuş kişi şahmatçılardan ibarət Azərbaycan millisinin qələbəsi ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, ölkə idmanında qazanılan uğurlar təkcə şahmatla məhdudlaşmır. İdmanın digər növlərində də qazanılan nailiyyətlər göz qabağındadır. Zəka ustalarının müvəffəqiyyət qazanmasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) uğurlu fəaliyyəti mühüm rol oynayır.

Avropa çempionatının 42-ci Ümumdünya Şahmat Olimpiadasından sonra milli komandamız üçün ikinci sınaq olduğunu vurğulayan AŞF-in vitse-prezidenti Faiq Həsənov deyib: “Hədəfimiz mükafatçılar sırasında yer almaq idi və buna da nail olduq. Ən əsası isə komandamıza olan inamsızlığı aradan qalıdrmaq idi. Şahmatçılarımız buna da nail oldular.

Komandamız çempionata məğlubiyyətlə başladı. Millimiz zəif komanda hesab olunan İtaliya yığmasına uduzdu. Şəhriyar Məmmədyarov ilk turda oynamadı. Biz bilirdik ki, həlledici görüşlər sonrakı turlarda keçiriləcək. Ümumiyyətlə, dünya praktikasında liderlər ilk turda istirahət edirlər. Biz də bu praktikadan yararlandıq”.

Komandamızın üzvlərinin Avropa çempionatındakı partiyalarını dəyərləndirən vitse-prezident şahmatçılarımızın ölkəmizin idman tarixində yeni səhifə açdıqlarını diqqətə çatdırıb.

Azərbaycan millisinin çempionata favorit kimi yollandığını bildirən AŞF-nin vitse-prezidenti Mahir Məmmədov şahmatçılarımızın fərdi keyfiyyətlərini yüksək qiymətləndirib.

Ölkəmizdə şahmatın inkişafı istiqamətində görülən işlərdən danışan M.Məmmədov deyib: “Millimiz bu uğurla hamımızı sevindirdi. Ümid edirəm ki, bu uğur bundan sonra da davam etdiriləcək. Çünki müvəffəqiyyət qazanmaq üçün ölkəmizdə hər cür şərait var. Çalışacağıq ki, Olimpiadada qələbə qazanaraq xalqımızı sevindirək”.

Xəbər 571 dəfə oxundu.