Azərbaycan taekvandoçusu Avropa birinciliyinin qalibi olub
Kiprin Larnaka şəhərində keçirilən taekvando üzrə gənclər arasında Avropa birinciliyinin ilk yarış günündə yığma komandamız uğura imza atıb.

45 kiloqram çəki dərəcəsində mübarizə aparan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (qızıl xalla) təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici döyüşdə rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyinin də qızıl mükafatına sahib olub.

Noyabrın 2-5-də keçirilən iyirmi birinci Avropa birinciliyində gənclərdən ibarət milli komandamız 18 (10 oğlan və 8 qız) taekvandoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin qatıldığı yarış Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçirilir.

Xəbər 1311 dəfə oxundu.