Səmti müəyyən etmə idman növü üzrə yarışların qalibləri mükafatlandırılıb
Xaçmazda səmti müəyyən etmə idman növü üzrə ənənəvi turnirin qalibləri müəyyənləşib. Turnir dağ turizmi üzrə idman ustası Vyaçeslav Filippovun xatirəsinə həsr olunub.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən Xaçmaz rayonunun Nabran meşə zolağında təşkil edilən yarışa 100-ə yaxın idmançı qatılıb.

İki gün ərzində gərgin mübarizə şəraitində keçən yarışın qalibləri dörd kateqoriya üzrə müəyyənləşib.

Elektron sistemin tətbiqi ilə təşkil edilən yarış beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.

“K21” kateqoriyasında Vladislav Tuzov bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Süleyman Əliyev ikinci, Sergey Telegin isə üçüncü olub.

Qadınlar arasında “Elit” kateqoriyasında isə Natalya Əliyeva qızıl medal qazanıb. Nataliya Şiyanova və Səbinə Quliyeva isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

“Open” kateqoriyasında kişilər arasında finiş xəttinə Fərid Qasımzadə birinci, Vasiliy Trubnikov ikinci, Roman Marşlok isə üçüncü çatıblar. Qadınlar arasında isə Fəridə Babayeva bütün rəqiblərini qabaqlamağı bacarıb. Anastasiya Volodina və Nigar Hüseynova müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qalib idmançılara diplom və medallar təqdim olunub.

Xəbər 674 dəfə oxundu.