“Çelsi”nin sabiq baş məşqçisi Azərbaycan yığmasına başçılıq edə bilər
“Çelsi”nin sabiq baş məşqçisi Roberto Di Matteo Azərbaycan yığmasına başçılıq edə bilər. “Tuttomercatoweb”in yaydığı məlumata görə, Azərbaycan Futbol Federasiyasının nümayəndələri 47 yaşlı Roberto Di Matteo ilə danışıq aparıblar.

Roberto Di Matteo bundan əvvəl “Vest Bromviç”, “Şalke”, “Çelsi” klublarında çalışıb. O, xüsusilə “Çelsi”də çalışdığı dövrdə UEFA Çempionlar Liqasının qalibi olması ilə tanınıb. Həmçinin “Aston Villa” klubunda işləyib.

Bu həftə Robert Prosineçki Azərbaycan yığmasının baş məşqçisi postunu tərk edib. Xorvatiyalı mütəxəssislə müqavilə 2018-ci il dünya çempionatının seçim mərhələsinin sonunadək bağlanmışdı.

Qeyd edək ki, “DÇ-2018”də oynayacaq 23 yığma artıq məlumdur. Digər iştirakçılar “play off”da müəyyən ediləcək. Matçlar noyabrın 9-dan 14-dək keçiriləcək.

Xəbər 544 dəfə oxundu.