Gənc taekvondoçularımız Kiprdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar
Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli komandası noyabrın 2-4-də Kiprin Larnaka şəhərində keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

Yarışda ölkəmizi 18 (10 oğlan və 8 qız) gənc taekvondoçu təmsil edəcək.

Komandanın heyətində oğlan taekvondoçulardan Bəhruz Quluzadə, Xanoğlan Kərimov, Ayaz Qəmbərli, Samir Məhərrəmov, Qasım Aslanov, Taleh Süleymanov, Cavad Ağayev, Niyaz Zülfüqarlı, Həsən İbrahimov və Orxan Tağızadə yer alıblar.

Qızlarda isə Minayə Əkbərova, Mehriban Məmmədova, Nərgiz Mirzəyeva, Sevda Pirseyidova, Nərmin Süleymanova, Diana Hacəliyeva, Leyla Məmmədova və Şəms Həsənova dayanq üzərinə çıxacaqlar.

Sayca 21-ci olan və 700-dən çox idmançının mübarizə aparacağı Avropa birinciliyi Larnakadakı “Kision Athletic Center” arenasında keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və ədalət təmsilçilərimizdən beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev də Kiprə yollanıb.

Qeyd edək ki, baş məşqçi Məmməd Abdullayev və Zahid Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 6-da Vətənə dönəcək.

Xəbər 1229 dəfə oxundu.