Qusarda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsinə həsr olunan cüdo turniri keçirilib
Qusarda aprel döyüşlərində şəhid olan Əmiraslan Xeyirbəyovun xatirəsinə həsr edilən yeniyetmə və gənclərin iştirakı ilə cüdo turniri keçirilib.

Yarış “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin reallaşdırdığı “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” layihəsi çərçivəsində təşkil olunub.

Yarışın açılış mərasimində layihə rəhbəri Ramin Mahmudov çıxış edərək aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb, gənclərə Vətənin igid övladlarının qəhrəmanlığı barədə məlumat verib. Vurğulanıb ki, turnirin məqsədi gənc nəslə aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın igidliklərini və şərəfli həyat yolunu təbliğ etməklə onların xatirəsini daim yaşatmaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etməkdir.

Şəhidin atası Xəlil Xeyirbəyov övladının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib, övladının Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu ifadə edib.

Digər çıxışlarda da belə tədbirlərin və yarışların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfə verdiyi vurğulanıb.

On çəki dərəcəsi üzrə keçirilən cüdo yarışlarının qaliblərinə diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. İştirakçılara xüsusi kitabça və bukletlər paylanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihə çərçivəsində Şabran rayonunda cüdo, Quba rayonunda isə gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.

Xəbər 678 dəfə oxundu.