Ərdoğan türk futbolunu UEFA-dan uzaq görür
Baş nazir Tetçerdən nümunə götürür

İstanbulda keçirilmiş UEFA-nın 36-cı Konqresində çıxışı ilə futbol aləmində gündəmə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Asiya səfərində Seuldan Tehran yol alarkən jurnalistlərlə söhbətində söylədiyi fikirlə yenidən diqqəti özünə cəlb edib. İdman.com.az saytının məlumatına görə, 1979-1990 illəri arasında İngiltərədə baş nazir olmuş Marqaret Tetçerin «Eyzel» faciəsindən sonrakı halını nümunə göstərən Ərdoğan, «Tetçer ingilis komandalarının Avropaya çıxışını 5 il qadağan etdi. Nə oldu? Öz aralarında çox gözəl davam etdilər. Döndükləri il də çempion oldular» - deyərək, Türkiyə futbolunun danışılmış oyunlarla bağlı istintaqdan sonra düşdüyü vəziyyətə münasibətinə işarə edib.
Baş nazir «Biz də Avropaya getmərik» açıqlaması ilə ölkəsinin futbol aləminin nüfuzlu şəxslərinin tənqidləri özünə cəlb edib. Türkiyə Futbol Federasiyasının başçısı İıdırım Dəmirörən də, «Beşikdaş»a rəhbərlik etdiyi dövrdə «lazım olsa heç bir türk komandası Avropaya getməz» demişdi.

1985-ci il mayın 29-da Brüsseldə «Yuventus» və «Liverpul» arasında oynanmalı olan qarşılaşmadan əvvəl ingilis xuliqanlar ilə italyan fanatlar arasında yaşanan gərginlik dolu anların ardından, 38 italiyalı və 1 belçikalı həyatını itirmiş, 600-dən çox adam isə yaralanmışdı. Yaşanan hadisələrin ardından İngiltərə baş naziri Marqaret Tetçer, UEFAi-nın yalnız «Liverpul»a cəza verməsi gündəmdəykən, bütün ingilis komandalarına cəza verilməsini təmin etmişdi. «Liverpul»a 3 il cəza verilməli olduğu halda Tetçerin «Bizimkilərə bu cəza azdı» deməsindən sonra UEFA «Liverpul»u 8, digər ingilis klublarını isə 5 il Avropadan məhrum etmişdi.

Türk komandalarının Avropadan 5 il məhrum edilməsi iqtisadi mənada da böhranı özü ilə gətirəcək. Çempionlar Liqasında iştirak payı olaraq 7,1 milyon avro ödəyən UEFA Avropa Liqasında iştirak payı olaraq isə 600 min avronu kassasından çıxardır. Çempionlar Liqasında hər qalibiyyətə 800 min avro mükafat verən UEFA, hər heç-heçəyə də 550 min avro ödəyir. Avropa Liqasında isə bu rəqəmlər bir az aşağı səviyyədədir. Burada qruplara düşmələri halında payını da artıran UEFA, qalibiyyətə 120 min avro, heç-heçəyə 50 min avro verir.

UEFA tərəfindən verilən məbləğlərlə bağlı rəqəmlərdən savayı, Avropada mübarizə edəcəyi üçün klublar ilə xüsusi sponsorluq, ya da reklam razılaşması edən təşkilatlar da «5 il Avropadan məhrum» qərarının ardından klublara olan pul axınını da dayandıracaq. Sponsor firma və reklam gəlirləri mövzusunda ciddi zərərə düşə biləcək klubların, 5 il boyunca xüsusi reklam razılaşmalarından məhrum qalmasının əvəzinin cəmi 35-40 milyon avro ətrafında olması nəzərdə tutulur.
5 illik məhrumiyyət cəzası yalnız UEFA-dan gələcək olan pul və reklam razılaşmalarını deyil, stadiondan gələn gəlirlərə də birbaşa təsir edəcək. Bir mövsümdə orta hesabla 5 ev matçı oynamalı olan türk komandaları üçün bu məhrumiyyət də baha başa gələcək.

Son illərdə Çempionlar Liqası və UEFA Avropa Liqasında müvəffəqiyyətli nəticələr götürə bilməyən türk komandaları ən pis ehtimalla 1 komanda ilə Çempionlar Liqasında mübarizə etməyə haqq qazanır. Yenə eyni şəkildə ən pis ehtimalla 2 komanda ilə Avropa Liqasında mübarizə edən türk komandaları qrup matçlarına qalma mövzusunda, ümumiyyətlə, çətinlik yaşayır. UEFA kassasından heç bir qalibiyyət, ya da bərabərlik olmaması halında belə ən pis ehtimalla hər il 7,1 milyon avro çıxartması ola biləcək türk komandaları 5 il boyunca 35,5 milyon avroluq Çempionlar Liqasında iştirak payından, 6 milyon avro da Avropa Liqasına iştirak payından faydalana bilməyəcək.
2009-2010-cu illər mövsümdən bu yana Çempionlar Liqası, ya da Avropa Liqasında mübarizə aparan «Bursaspor», «Beşiktaş», «Fənərbağça», «Qalatasaray» və «Trabzonspor» oynadıqları cəmi 89 matçın 33-ndə qələbə qazana biliblər. 2009-2010-cu illər mövsümündən bu yana Avropada ən çox oyun keçirən komanda «Beşikdaş» (32) olarkən, ən az matç «Bursaspor»un (10) payına düşür. Ən pis qalibiyyət faizi baxımından «Bursaspor» və «Trabzonspor»un ön plana çıxması diqqətlərdən qaçmır.
Türk komandaları arasında Avropa Kuboklarına qatılma haqqı əldə etmələrinə baxmayaraq, gedə bilməyən iki komanda «Fənərbağça» və «Trabzonspor» olub. Keçən mövsüm çempion olan «Fənərbağça», danışılmış oyunlar iddiaları səbəbi ilə Çempionlar Liqasına qatılmadı. «Trabzonspor» isə, 1977-78-ci illər mövsümündə «Kopenhagen»lə oynadığı Avropa Çempionlar Kuboku matçında yaşananlar üzündən, növbəti mövsüm Kuboklar kubokunda iştirak edə bilmədi.

Xəbər 1215 dəfə oxundu.