Avropa çempionatında Azərbaycan yığmalarının ilk rəqibləri məlum olub
Bu gün, oktyabrın 28-də Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının ilk oyunları keçiriləcək.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq turnirdə kişilərdən ibarət 40 komanda və qadınlardan ibarət 32 komanda iştirak edir.

Azərbaycanın kişilərdən ibarət yığmasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov çıxış edir. Komandanın kapitanı Eltac Səfərlidir.

Qadınlardan ibarət yığmamız bu heyətdə çıxış edir: Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva. Komandanın kapitanı Fikrət Sideyifzadədir.

Hər iki turnirdə Rusiya yığmaları reytinq-favoritlər hesab edilir. Kişilərin yarışlarının start siyahısında ikinci və üçüncü yerləri Azərbaycan və Ukrayna komandaları, qadınların turnirində isə müvafiq surətdə Gürcüstan və Ukrayna yığmaları tutur.

Avropa komanda çempionatının təntənəli açılış mərasimində birinci turda fiqurların rəngini müəyyən etmək üçün püşkatma keçirilib. Azərbaycanın hər iki yığmasının üzvləri birinci turda qara fiqurlarla oynayacaqlar.

İlk turda Azərbaycanın kişilərdən ibarət yığma komandasının rəqibləri İtaliya nümayəndələri, ölkəmizin qadınlardan ibarət yığmasının rəqibləri isə Litva şahmatçıları olacaq.

Xatırladaq ki, çempionatda oyun günləri 28 oktyabr – 1 noyabr və 3-6 noyabr olacaq.

Xəbər 561 dəfə oxundu.