Bakıda pençak-silat üzrə Avropa çempionatının açılışı olub
Oktyabrın 27-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində pençak-silat üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

Çempionatın açılış mərasimində Beynəlxalq Pençak-Silat Federasiyasının icraçı direktoru Benni Qautama Sumarsomo çıxış edərək idmanın bu növünün qədim tarixə malik olduğunu söyləyib. Qeyd edib ki, pençak-silatın vətəni İndoneziya olsa da, idmanın bu növünün Azərbaycanda, eləcə də Avropada sürətli inkişafı sevindiricidir.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxışında dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsinin artıq ənənəyə çevrildiyini vurğulayıb.

Azərbaycan Pençak-Silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov ölkəmizdə idmanın bu növünün sürətlə inkişaf etdiyini bildirib və bu sahədə görülən işlərdən danışıb. O, Avropa çempionatının Azərbaycanda keçirilməsinin pençak-silatın ölkəmizdə sürətli inkişafının göstəricisi olduğunu deyib.

Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib.

Daha sonra idmançıların mübarizəsinə start verilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Sindo-ryu və Pençak-Silat Federasiyası tərəfindən təşkil olunan çempionatda 11 ölkədən 120 idmançı mübarizəyə qoşulub. Çempionata oktyabrın 29-da yekun vurulacaq.

Xəbər 518 dəfə oxundu.