İnessa Qorxmaz: Yerli komanda oynasaydı, zala girmək mümkülə çevriləcəkdi
“Bakıdakı “dördlər finalı” çox yüksək səviyyədə təşkil edilmişdi. Mən yalnız təsəvvür edə bilərəm ki, “Rabitə” və ya “Azərreyl” həlledici mərhələdə oynasaydı nə baş verə bilərdi. Bu zaman tribunlar tam dolu olacaqdı. Bir sözlə, zala girmək belə mümkün olmayacaqdı”. İdman.com.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının və “Azərreyl”in sabiq voleybolçusu İnessa Qorxmaz deyib.

Hazırda menecerlik edən Top-komandalar kubokunun qalibi ötən həftə Bakıda keçirilmiş qadınlar arasında Avropa Çempionlar Liqasının “dördlər finalı”nı canlı izləyib. O, paytaxtımıza gələn qonaqların buradan xoş təəssüratlarla ayrıldığını deyib: “Yerli azarkeşlər “Fənərbağça”nı dəstəkləyirdilər. Onları başa düşmək olar. Çünki “dördlər finalı” yerli komandalar olmadığından keçirilirdi. Lakin fikrimcə, bunun təsiri olmadı. Ötən həftəsonu Bakıda olanlar həm azərbaycanlıların xoş münasibətini, həm təşkilatçıların hazırlığını, həm də gözəl ab-havanı qeyd edirlər”.

Rusiya mətbuatına müsahibə verən Qorxmaz “Fənərbağça”nın çempionluğunun qanunauyğunluğunu da vurğulayıb. O bildirib ki, “Kann”ın 2-ci, “Dinamo”nün 3-cü və “Villa Kortese”nin 4-cü olması da öz güclərindən xəbər verir.
Qeyd edək ki, hazırda Türkiyədə yaşayan İnessa sabiq komanda yoldaşı Yelena Şabovta ilə birgə çalışır.

Xəbər 1299 dəfə oxundu.