İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində dörrdəbir final mərhələsinə start verilib. Mərhələnin ilk günündə Azərbaycan millisinin üç üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə ən azı bürünc medalı da təmin ediblər.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, 81 kiloqram çəki dərəcəsində gücünü yoxlayan Surət Qarayev dörddəbir finalda Konrad Kajmarkeviçlə (Polşa) döyüşüb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. S.Qarayev yarımfinalda rusiyalı Ruslan Kolesnikovla qüvvəsini sınayacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) də ikinci qarşılaşmasını xeyrinə bitirib. O, dörddəbir finalda rumıniyalı Emanuel Mikanı mübarizədən kənarlaşdırıb. M.Abdullayev ilk döyüşündə olduğu kimi bu dəfə də nokautla qələbə qazanıb. Təmsilçimiz final üçün xorvatiyalı Yosip Biletiçlə üz-üzə gələcək.

Nicat Həsənov dörddəbir final səddini keçə bilməyib. O, 69 kiloqram çəki dərəcəsində yarışan həmyerlimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub.

Oktyabrın 25-də başa çatacaq dörddəbir finalda daha dörd boksçumuz mübarizə aparacaq.

Yarımfinal mərhələsinin döyüşləri oktyabrın 27-də olacaq.

Xəbər 1170 dəfə oxundu.