Azərbaycanın yeniyetmə və gənc karateçiləri İspaniyada dünya çempionatında iştirak edəcəklər
Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycanın milli komandasının üzvləri İspaniyada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar.

Oktyabrın 25-28-də yeniyetmə və gənc karateçilər arasında Tenerifedə təşkil ediləcək yarışda 12 idmançımız iştirak edəcək.

Karateçilərdən Fərid Ağayev (52 kq), Rəvan Bağırov (63 kq) və Namiq Quliyev (70 kq) 14-15 yaşlı yeniyetmələr arasında, Müseyib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq) və Fidan Teymurova (48 kq) 16-17 yaşlı gənclərin yarışında tatamiyə çıxacaq. 18-20 yaşlı gənclərin turnirində isə Elcan Məmmədrzayev (60 kq), Murad Balakişiyev (68 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Asya Məlikova (50 kq-dan yuxarı) və Fəridə Əliyeva (68 kq-dan yuxarı), həmçinin Roman Heydərov (kata) mübarizə aparacaq.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi nümayəndə heyətində 18 yaşadək yeniyetmə və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev və beynəlxalq hakim Cahangir Babayev də yer alıblar.

İki ildən bir keçirilən dünya çempionatına 109 ölkədən 1710 karateçi qatılacaq. Bu yarış, həmçinin gələn il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya verən üç seçmə turnirdən ikincisidir.

Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyasının idarə heyətinin üzvü Y.Bəşirov yarışdan əvvəl beynəlxalq təşkilatın konqresində iştirak edəcək.

Xəbər 1271 dəfə oxundu.