“Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Oktyabrın 24-də “Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

Mərasim Olimpiya Oyunlarının vətəni olan Yunanıstandakı Olimpiya şəhərində keçirilib. Ənənəyə uyğun olaraq, məşəl buradakı qədim Hera məbədində alovlandırılıb. Məşəli tanınmış yunan aktrisası Katerina Lehou və xoreoqraf Artemis İqnatiou alovlandırıblar. Məşəlin ilk daşıyıcısı isə 24 yaşlı yunanıstanlı xizəkçi Apostolos Angelis olub.

“Pxençxan-2018”in məşəli bir həftə boyunca Yunanıstan ərazisində 2129 kilometr məsafədə səyahət etdikdən sonra oktyabrın 30-da Afinadakı Akropola çatacaq və bundan sonra Koreya Respublikasına yola salınacaq. Ümumiyyətlə, səyahəti zamanı 505 nəfər məşəli daşıyacaq və 36 qarşılama mərasimi keçiriləcək. “Pxençxan-2018”in Təşkilat Komitəsi Oyunların məşəlini oktyabrın 31-də Afinadakı “Panafenaik” stadionunda keçiriləcək mərasimlə təhvil alacaq.

Bundan sonra Koreya Respublikasına gətiriləcək məşəlin səyahəti noyabrın 1-dən etibarən 100 gün ərzində 22 vilayəti əhatə edərək fevralın 9-da açılış mərasimində başa çatacaq.

Xatırladaq ki, bəyaz məşəlin uzunluğu 700 millimetrdir. Bu da Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasını xarakterizə edir. Məşəlin dizaynı koreyalı rəssam Kim Yon Seyə məxsusdur.

Qeyd edək ki, “Pxençxan-2018” Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də keçiriləcək.

Xəbər 636 dəfə oxundu.