Özü özünə məğlub olan çempion

İkinci dövrənin ikinci turu yarışa yeni məcra gətirdi

Milli futbol çempionatında Premyer liqanın ikinci dövrəsi sabit başlansa da, 9-cu turda yarışda kəskin dönüşə bir daha zəmin yaranıb. Dövrənin ilk əlamətdar hadisəsi iki prinsipial rəqibin bir-biri ilə dueli ilə tamamlanıb və budəfəki "Turdan-tura" icmalımıza elə bu sonluqdan başlayaq.

Məzmunsuz qarşılaşmaları bir-birinə calayan "Qəbələ", nəhayət ki, Avroliqada Polşa səfərindən sonra ilk dəfə əsl komandaya bənzədi. Görünür, onun üçün stimul yalnız böyük rəqiblərlə üz-üzə dayanmaqdır. Lakin bu da hələlik nisbidir, çünki elə liderlə duelin özündə də çatışmazlıqlar kifayət qədər idi.

"Atletiko" ilə matçdan sonra "Qarabağ"ın əsl hədəfə çevriləcəyi bəlli idi. Həmin ağır görüşdən, son illər ilk dəfə 90 dəqiqə ərzində meydanda əsl mübariz kollektiv gördükdən sonra, Azərbaycan çempionunun motivasiya problemi ilə üzləşə biləcəyi təxmin edilən idi. Lakin Ağdam klubunun yorğunluğu daha çox problem yarada bilərdi. Hərçənd "Qarabağ"ın Azərbaycan çempionatı səviyyəsində kifayət qədər oynaq və potensiallı oyunçu ehtiyatı var. Yalnız rəqibin çempionluq uğrunda yeganə ciddi maneə olduğunu nəzərə alanda, çempionun bu dəfə ciddiyyəti əldən verməməsinə əsas da var idi, səbəb də, lap elə stimul da.

İlk dəqiqələrdən "Qəbələ" ən doğru taktiki seçimlə rəqibi onun öz silahı ilə mat edəcək fəallıq və əsl kollektiv oyun nümayiş etdirdi. İlk 5 dəqiqə ərzində az qala geniş və iri miqyaslı hücumları hərtərəfli edən kollektiv hesabı erkən açdı. Bu anlar da elə bil meydanda əsl çoxşaxəli komanda var idi. Sonradan tempi əldən versə, əksərən isə onu qorumağa gücü çatmasa da, "Qəbələ" matç boyunca rəqibin kimliyini unutmadı. Bununla belə, "Qəbələ"nin tonus itkisi, artıq dərinləşməkdə olan problemləri özünü büruzə verməkdəydi və sözünü deyirdi. Çünki formanı bir matç üçün bərpa etmək qismən mümkündür, lakin onu əsaslı şəkildə bərpa etmək üçün ən əvvəl funksional hazırlıq yetərincə olmalıdır. Qonaqlar bir qədər erkən ayılsaydılar, yəqin ki, ard-arda iki qol da vurub rəqibi birdəfəlik şoka sala bilərdilər. Hiss olunur ki, "Qəbələ", sadəcə, motivasiya komandasına çevrilib və hələlik nəyisə sübut etmək üçün gücü var. Peşəkarlıq isə əzmlə əvəzlənib. Bu səbəbdən komandanın böyük yeniliklərə ehtiyacının olması, hətta bu səviyyədə ən yaxşı oyununda da özünə tam bənzəməməsi təbiidir.
Əslində, görüşün nəticəsinin əsas səbəbkarı "Qarabağ" özüdür. Çempion özü-özünə uduzdu və bu oyuna tam ciddi yanaşmamasının qurbanı oldu. Komanda bu matça sanki yetərli taktiki hazırlıq keçmədən çıxmışdı. Yəni əldə olan imkanlarla və məcburi rotasiya ilə futbolçular tapşırıqlarını alıb oynayırdılar. Buna görə də arxada artıq vərdiş halını almış müdafiə təpəri təzyiqə rəqibin imkanları qədər tab gətirirdisə, oyun quruculuğu sıfır həddində, kortəbii və plansız idi. Elə bil hərbə-zorba ilə rəqibdən xal qoparacaqlarına əmin idilər. Məncə, Qurban Qurbanov bu dəfə, heç olmasa, Ramil Şeydayevin üzərində qurulmuş bir plan tətbiq edə bilərdi. Axı, "Atletiko" ilə səfər matçında buna onun ehtiyacı yarana bilər. Çox təəssüf ki, bu futbolçundan yararlanmaq, kobud desək, ondan istifadə qaydaları hələ işlənməyib. Ramilin potensialından faydalanmaq üçün bəzi anlayış fərqlərinə gərək var. "Qarabağ"da buna hər bir zəmin də var. Xüsusən Mahir Mədətovla qalaqurmalar Ramilin fiziki imkanları sayəsində əla yenilik də ola bilər. Bütün bunlar həm də "Qarabağ"a rəngarənglik və tam fərqli oyun planı fürsəti də verə bilər. Doğrudur, bu halda komandaya top təchizatçısı lazımdır. Almeydanın bu mənada potensialı bəllidir, lakin indiki halda yonulmasına ehtiyac duyulur.

Bu oyunda, etiraf edək ki, "Qarabağ" hələ bu natamamlığı ilə "Qəbələ"dən çox üstün görünürdü. Hər nə oldusa, "Qarabağ" üçün bu matç bir siqnala çevrildi. Çünki bu qədər səhlənkarlıq fonunda itirə biləcəkləri az deyil. Axı, "Qarabağ" ənənə üzrə mövsümün iki dövründə bədxassəli zolağa düşür və indi liderlə bir artıq oyunla xal bərabərliyi yaratmış "Qəbələ" üçün əsl fürsət məqamıdır.

Çempionatın əhəmiyyətli digər məqamı sonrakı yerlər uğrunda mübarizənin canlanmasıdır. Bu, turun özəlliyinə çevrildi. Daha doğrusu, yaxşı mənada, araqarışdıran nəticələrin qeydə alınması daha bir mübarizə ümidi yaradıb. İlk növbədə, "Qəbələ"ni ikinci pilləyə çıxmağa kömək edən nəticəni "Sumqayıt" bəxş etdi.

Maraqlıdır ki, "Sumqayıt"a yenilən "Zirə" gözlənilmədən erkən qolla önə çıxdığı, hətta onu möhkəmləndirməyə macal yaxaladığı bir matçda ağır zərbə aldı. Bu isə komandanın əvvəllər qeyd etdiyimiz natamamlığının bəhrəsidir. Bu qədər asan başlayan qarşılaşmada komandanın nə edəcəyini bilməməsi liderlik iddiasında olan bir kollektiv üçün ən mənfi cəhətlərdən biridir. Qış fasiləsindən sonra da vəziyyət belə davam etsə, itkilər qaçılmazdır. "Sumqayıt" "Qarabağ"a məğlub olduğu matçda göstərdiyi oyun tərzinə yaxınlaşdı. Məşqçi korpusu futbolçularının imkanlarından bəhrələnə, vəziyyəti qiymətləndirə bilsə, bu mövsüm Avropa kuboklarında yer uğrunda mübarizəyə qoşulmaq ehtimalı var. Motivasiya bunun üçün azdır - kollektivə sabit taktiki oyun planı və futbolçuların fərdi keyfiyyətlərinin bir araya cəmlənməsi lazımdır. Oyun elementlərində Samir Əliyevin "Səbail"də tətbiq etdiyi aqressiv effektli oyun tərzi sumqayıtlıların əsl boyuna biçilib. Sadəcə, sabitliyi əldən verməmək üçün "Sumqayıt" birplanlı olsa belə, vahid oyun dəst-xəttinə düşməlidir.

"Zirə" isə böyük kollektiv olmaq üçün hələ də axtarışlardadır. Komandanın əlaqələndirici oyunu qırıq-qırıq xətlərdən ibarətdir. Sanki komanda oyunu ayrı-ayrı hücum fürsətləri üzərində qurur. Belə olanda isə sabitlikdən danışmaq yersizdir. Axı, futbolçular müəyyən dəqiqələrdən sonra əsas mətləbdən uzaqlaşıb kor-koranələşən oyuna keçirlər. Məşqlərdə daha çox kombinasiya üzərində funksional tapşırıqların verilməsinə başlanmasa, yol get-gedə daralacaq. Hələ sonrası da var - ardınca ötürmələrin keyfiyyəti ilə zənginləşmiş əsl inkişaflı kollektiv formalaşdırılmalıdır.
İkinci dövrənin daha bir hadisəsi "Neftçi"nin erkən toparlanmasıdır. Kollektiv ardıcıl 3 qələbə ilə iddialı duruma gəlib. Lakin ilk dəfə doğma divarlar arasında yerli azarkeşlərinin önünə çıxmış "Kəpəz"lə görüş komandanın, böyük oyun problemləri içində olduğunu nümayiş etdirdi. Təbii olan bu mənzərədə, ən əsası, "Neftçi" psixoloji səddi artıq aşmış görünür və vahid komanda kimi hərəkət edir. Bu məsələnin arxada qaldığını güman etsək, oyun quruculuğu üçün hər tur fürsət əldə olunur. Doğrudur, "ağ-qaralar" fərdli təcrübəsi və potensialı ilə irəliləyir. Kollektiv müdafiə, hücum quruculuğu yoxdur, bir sözlə, elementlərdən ibarət oyun var. Gəncədə bir az rəqibin çiyliyi, bir az hakim səhvləri yekun hesabda az rol oynamadı. Görünür, Əliyar Ağayevin qeyri-adekvat qərarları Avropa Liqası matçından yorğun dönməsi ilə bağlıdır. Ümumiyyətlə, belə hallarda hakimə dinclik verilməməsi təəccüb doğurur. Axı, bir xala da "qızıl" gözü ilə baxan komandaların duelindən söhbət gedir və buna mane olacaq süni, subyektiv sədlər aradan qaldırılmalıdır.

"Kəpəz"in problemləri bəllidir, amma komandaya ən ağır zərbəni məhz doğma divarlardan məhrum olması vurub. Onsuz da heyətlə bağlı var-gəl edən kollektiv üçün bu ikiqat zərbədən sonra ipi ələ almaq çətin olacaq. Qış fasiləsini və rəqiblərin büdrəməsini gözləməkdən başqa çarə qalmayıb.

Tur "Səbail"in daha bir özünəməxsus "dəlisov" qələbəsi ilə yadda qaldı. Çox maraqlıdır ki, Samir Əliyevin debütanta xas olmayan oyun planını artıq möhkəmləndirməyə cəhd etməsi ara-sıra effektini də verir. Xüsusən prinsipial qonşularla rəqabətdə əldə olunan qiymətli xallar komandanın gələn dövrə karına gələ bilər. Hərçənd bu gedişlə hələ formalaşmaqda olan bir kollektivin ləngər vura-vura oynaması belə gedişlə bundan sonra da qanuni xarakter alacaq. İndilik daha bir qələbə qazanarsa, debütant qış fasiləsinə qədər əsas vəzifəsini yerinə yetirmiş olacaq. Sonra isə bu komandanı çox maraqla gözləməyə dəyər. Çünki həmin vaxt artıq "İnter" də, "Kəpəz" də, "Neftçi" də atlarını yəhərləməyə çalışacaqlar. 8-komandalıq bir yarışın lüzumsuzluğu bax bu kimi qərarların belə erkən verilməsindən irəli gəlir. Bu barədə söz açmağa tələsməyək. Axı, autsayderlər qrupuna daha bir komanda qoşulub: "İnter" ardıcıl uğursuzluqlarla boynunu əyərək, bir qədər də futbolçularının nadincliyindən yenə qazandığı nüfuzu puç etməkdədir. Axı, məlumdur ki, qış fasiləsində bu komandanın özünü toparlamaq fürsəti olacaq. Həmin vaxta qədər hər kəs, sadəcə, dözərək var-gücünü ortaya qoymalıdır. Əfsus ki, son dövrlər iradəsizlər kollektivi ilə üz-üzəyik. Qeyri-peşəkarlıq əlaməti ilə, əslində, zərbə daha çox futbolçuların özlərinə dəyəcək və onlara əziyyət verəcək. Çünki indi qazanılan dəyər onların istər "İnter"li, istərsə də "İnter"siz sabahı üçün lazımdır.

Xəbər 1396 dəfə oxundu.