Afrikada 20 futbolçu çayda boğulub
Zambiyada dəhşətli faciə baş verib. Xarici KİV-lərin yaydıqları məlumata görə, Zambiyada “Virjin” klubunun 20 futbolçusu çayda baş verən qəzanın qurbanı olub.
Konqo Demokratik Respublikası çempionatında iştirak edən “Virjin” klubunun oyunçuları yoldaşlıq görüşündə iştirak etmək üçün Zambiyaya yola düşüblər. Futbolçu və məşqçilərdən başqa qonşu ölkəyə yüzədək azarkeş yollanıb. Faciə onlar vətənə dönərkən baş verib. Futbolçu və azarkeşlər Luapula çayından keçmək üçün qayıqlara oturublar. Çayda üzən katerin yaratdığı güclü dalğa dərhal üç qayığı çevirib. “Virjin” klubunun oyunçularının əksəriyyəti məhz həmin qayıqlarda olub. Futbolçular üzə bilmədikləri üçün qurbanların sayı çox olub. Yaxınlıqda yerləşən kəndin 80-dək adamı xilas etmiş sakinləri olmasaydı, qəzanın miqyası daha dəhşətli olardı.

AzərTAc

Xəbər 946 dəfə oxundu.