Yığmamız Gürcüstan toplanışını başa vurdu
Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası Avropa Çempionatının C divizionunun hazırlıqlarına start verib. Yığmamız ilk olaraq, Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışı keçib.

Səfər çərçivəsində millimiz Tiflis Dövlət Universitetinin komandası ilə 2 yoxlama görüşündə də güclərini yoxlayıblar. Birinci qarşılaşma 96:51 hesabı ilə basketbolçularımızın xeyrinə başa çatıb. Həmin oyunda təmsilçilərimiz - Anastasiya Biryuçkova 32 və Tatyana Deniskina 30 xal toplayıb.
İkinci matç da həmyerlilərimizin qələbəsi ilə yekunlaşıb. Yığmamız bu dəfə rəqibi 75:61 hesabı ilə məğlub edib. Oyunda 21 xal toplayan Deniskina bombardir olub.

Qeyd edək ki, C divizionun oyunları iyulun 10-dan 15-nə kimi Makedoniyanın Struqa şəhərində keçiriləcək. Yığmamızın qrupunda Şotlandiya, Moldova və Malta komandaları yer alıblar.

Xəbər 1343 dəfə oxundu.