“Azərreyl”in voleybolçusu millisinə kömək edə bilməyəcək
“Bütün voleybolçular vaxtında düşərgədə ola bilməyəcəklər. Bakının “Azərreyl” klubunda çıxış edən Karolina Kosek də onlardan biridir”. İdman.com.az saytının məlumatına görə, bunu Polşanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Alozi Sviderek deyib. O, London-2012-yə lisenziya xarakterli yarışın final mərhələsi üçün açıqladığı heyətə “Azərreyl”in voleybolçusu Karolina Kosekin də adını daxil etdiyini açıqlayıb. Ancaq polşalı mütəxəssis Super Liqamızda çıxış edən həmyerlisinin vaxtında sərəncamına gələ bilməyəcəyi üçün təəssüflənib:

“Azərbaycan yığması olimpiya təsnifat mərhələsinin final mərhələsində çıxış etməyəcək. Buna görə də bu ölkədə çempionat gec başa çatacaq. Ümumiyyətlə klublar yığma oyunçularını turnirin startından 2 həftədən gec olmayaraq, buraxmalıdırlar. Azərbaycanda isə çempionat aprelin 15-də başa çatacaq və Kosek də bundan sonra ölkəmizə gələcək”.

Qeyd edək ki, turnir mayın 1-6-da Türkiyə paytaxtı Ankarada keçiriləcək və Polşa komandası Serbiya, Rusiya və Niderlandla ilə birgə “B” qrupunda yer alıb.

Xəbər 1018 dəfə oxundu.