Poliatlon çoxnövçülüyü üzrə Kəngərli rayon birinciliyinin qalibi müəyyənləşib
Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi başa çatıb.

Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Vüsal Hüseynov, Təhsil Şöbəsinin əməkdaşı Səməd Səmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Abbas Abbaslı çıxış edərək muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, məktəblilərə uğurlar arzulayıblar.

Yarışda rayonun 8 ümumtəhsil məktəbinin komandası iştirak edib. Komandalar 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 2 min metr məsafəyə qaçış növlərində güclərini sınayıblar.

Komanda hesabında ən çox xal toplayan Qıvraq qəsəbə tam orta məktəbin komandası qalib adını qazanıb. Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin komandası ikinci, Xok kənd tam orta məktəbin komandası üçüncü olub.

Qaliblər kubok və diplomlarla təltif ediliblər.

Xəbər 714 dəfə oxundu.