“Azarkeşlər bu matçdan zövq ala bildi”
“Qəbələ” ilə qarşılaşmada qapılara qol vurulmasa da, azarkeşlər bu matçdan zövq ala bildi. Onlar çox gərgin keçən qarşılaşmanın şahidi oldu”. İdman.com.az saytının məlumatına görə, bu sözü Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb:

“Bu isə futbolumuzun səviyyəsi getdikcə yüksəldiyini göstərir. Təbii ki, meydançanın durumu yaxşı olsaydı, oyunun sürəti və keyfiyyəti də daha yüksək olardı. Rəqibimizin necə oynadığını yaxşı təhlil etmişdik. “Qəbələ”nin hücum xəttinin güclü olduğunu, standart vəziyyətlərdən necə oynadığını bilirdik. Bütün futbolçularımız da səhvsiz oynamaqla onların hücumlarının qarşısını aldılar”.

Qeyd edək ki, 0:0 hesabı ilə bitən cavab oyunundan sonra “Qarabağ” səfərdəki ilk görüşdə (2:2) vurulan qollar hesabına mərhələ adlayıb.

Xəbər 908 dəfə oxundu.